“Azərbaycanın qarşısında duran ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır” – Deputat

“Azərbaycan tarixi hadisələrin astanasındadır. 44 günlük müharibədən sonra regionda bütün iqtiadi və siyasi, eyni zamanda hərbi üstünlüyə sahib olan ölkəmiz bütün proseslərdə arbitr rolunu oynayır. Azərbaycanın razılığı və iştirakı olmadan heç bir regional layihə həyata vəsiqə qazana bilmir. Azərbaycanın qarşısında duran ən önəmli məsələlərdən biri və bəlkə də birincisi Zəngəzur dəhlizinin açılmasıdır. Bizim ölkəmiz bu beynəlxalq tranzit xəttinin açılmasında maraqlıdır. Maraqlı tərəf təkcə biz deyilik, həm də Türkiyə, Rusiya və Avropa İttifaqı dəhlizin açılmasını istəyir. Bu layihəyə qarşı çıxan ölkələr isə, çox maraqlıdır ki, Ermənistandan qabaq İran və Fransadır”.

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün yalnız xeyir verə bilər: “Buna qarşı çıxmaq, layihəyə əngəl törətməyin arxasında yalnız qərəz dayana bilər. Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin inşasına qarşı duranlar şər qüvvələrdir. Regionda sülhün əldə edilməsini istəməyənlər həm də Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən, lakin İrəvanın destruktiv, təxribatçı əməlləri sayəsində hələ də dalana dirənən sülhün əlehdarlarıdır. Bu günlərdə xarici səfərlərin birində İranın indiki prezidentinin arvadı, eyni zamanda Məşhəd şəhəri imam-cüməsinin rəhbərinin qızı türklər haqqında danışarkən etiraf edib ki, İran həmişə türklərə qarşı düşmən mövqedə dayanıb. Bunu deyən sadə bir iranlı deyil, ölkənin birinci xanımı statusunda olan birisidir. Ermənistanın sərhəddə törətdiyi bütün təxribatların arxasında da İran və Fransanın dayandığına heç bir şübhə yoxdur. Hər iki ölkənin rəhbərliyi artıq bunu gizlətmirlər. Həmin qüvvələr Ermənistana bütün növ dəstəyi verirlər. Bu qüvvələr sırasına erməni ölkəsini silahlandıran Hindistanı da aid etmək olar. Bir sözlə, bu gün sülhə qarşı bütün şər qüvvələr birləşib”.