“Nailiyyətlərimiz böyükdür və bu yolda bizim daha böyük hədəflərimiz var” – Millət vəkili

2007-ci ildən 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Amma son illər olduğu kimi, bu il də həmin gün Azərbaycanda heç də diqqət cəlb edən qaydada qeyd olunmadı. Hərçənd bu münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan Respublikası bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır”, – bəyanatda yazılırdı. Halbuki son illər beynəlxalq təşkilatların hesabatında Azərbaycan “qeyri-azad ölkə” kimi dəyərləndirilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir: “Azərbaycan vətəndaşlarının 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir və istədiyi fikir yaza bilirlər. Hətta bəzən insanın şərəf və ləyaqətini alçaldıb cəzasız qala bilirlər. Bu gün Azərbaycan demokratiya yolunda addım-addım irəliləyir, nailiyyətlərimiz böyükdür və bu yolda bizim daha böyük hədəflərimiz var”.

Deputat vurğulayıb ki, demokratiya özü bir prosesdir və bu prosesdə son nöqtə yoxdur: “Heç bir dövlət deyə bilməz ki, o demokratiyanın zirvə nöqtəsindədir. Bu yolda hər dövlətin öz inkişaf mərhələsi var. Azərbaycanın 32 yaşı tamam olur və bizi dünyanın 100 illərlə demokratiya institutlarının formalaşdığı ölkələrlə müqayisə etmək özü yanlışdır”.

Amma E.Nəsirovun sözlərinə görə, əksinə, özünü insan hüquqlarının beşiyi elan edən dövlətlərdə insan hüquqlarının kobud şəkildə pozulması müşahidə olunur: “Məsələn, televiziya ekranlarından dəfələrlə görmüşük ki, Fransada və digər Avropa ölkələrində polis etiraz edən vətəndaşlara qarşı rezin güllələrdən, atlardan, itlərdən istifadə edir, həmin vətəndaşları yerə yıxıb ayağı ilə onun boğazını sıxır. ABŞ-da polisin xüsusilə qaradərili vətəndaşlara qarşı hansı vəhşiliklər törətdiklərini biz kadrlardan görürük”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə  bildirib ki, rəsmilərin nə deməsindən asılı olmayaraq, insan hüquqları sahəsində həm qanunvericilik, həm də onun tətbiqi baxımından problemlər var: “Məsələn, sərbəst toplaşmaq azadlığı əsas universal dəyərlərdən biridir, amma burada ciddi problemlər var. Birləşmək azadlığı artıq doqquz ildir ki, qanunvericilik baxımından məhdudlaşdırılıb. Media haqqında qanun, siyasi partiyalar haqqında qanun məhdudlaşdırıcı qanunlardır”.

Onun fikrincə, bütün bunları analiz edib belə nəticəyə gəlmək olar ki, Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır: “Onların həlli istiqamətində hakimiyyət ciddi siyasi iradə qoymaq istəmir”.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə Azərbaycandakı vəziyyəti daha kəskin dəyərləndirib. O deyib ki, “mövcud sistem ölkə vətəndaşlarını artıq təbəəyə çevirib”.