Vüqar İskəndərov: “Azərbaycana qarşı revanşist addımlara sövq edirlər”

Həm aprelin 5-də keçirilən görüşdən əvvəl, həm də ondan sonra cərəyan edən proseslər bir daha təsdiq edir ki, ABŞ başda olmaqla Qərbin müharibə komandası Cənubi Qafqazda sabitliyi pozmaq, yeni müharibələrə başlamaq üçün fəaliyyətə keçib. Biz ABŞ-nin Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atmasını daha açıq şəkildə müşahidə edirik.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək.

“Amerika qiymətləndirmə qruplarının Ermənistana göndərilməsi ölkənin KTMT-nin hava hücumundan müdafiə sisteminə davamlı inteqrasiyasını nəzərə almaqla, Ermənistanın HHQ və hava hücumundan müdafiəsini yenidən qiymətləndirməyə və yenidən təşkil etməyə yönəlmiş strategiyanın bir hissəsidir. Hesab edirəm ki, bu addım ABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin daha geniş kontekstinə uyğun gəlir. Bu işin müəyyən hissəsi artıq aparılır, bunu Fransanın Ermənistana gətirdiyi radar sistemləri də sübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün nəzərdə tutulan Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək üçün texnologiya, təlim və dəstək verməklə əsas rol oynamağı planlaşdırır”, – deyə deputat bildirib.

Deputatın sözlərinə görə, ABŞ, ümumlikdə Qərbin müharibə komandası təkcə Rusiyanın təsirini azaltmaq niyyətində deyil, həm də Ermənistanı silahlandıraraq onu Azərbaycana qarşı revanşist addımlara sövq etməkdir.

“Bir faktı qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcək. Məlumat üçün bildirim ki, Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing, FMF) proqramı ABŞ-nin müttəfiqlərini və tərəfdaşlarını avadanlıq, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və ya kreditlər verməklə dəstəkləmək üçün nəzərdə tutulmuş əsas ABŞ xarici siyasət alətidir.

Bu proqram qəbul edən ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi qarşılıqlı fəaliyyətin artırılmasına kömək edir. Bu kimi faktları çox sadalamaq olar. Lakin elə misal çəkdiyimiz məsələnin özü Birləşmiş Ştatların Cənubi Qafqazı müharibə meydanına çevirmək üçün fəaliyyətə keçdiyini təqsdiqləyib. Lakin bir daha o məqama qayıdırıq ki, Ermənistan hakimiyyəti yaxşı-yaxşı düşünməli, ağılsız addımlardan çəkinməlidir”, – deyə o əlavə edib.