Bahalaşma olacaq – Bu, qaçılmazdır

Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədində, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya həddinin 10,4 faiz təşkil edəcəyi barədə proqnozlar əks olunub. 

Qeyd edilib ki, orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9% səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5% bəndi çoxdur.

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov cari il üçün proqnozlaşdırılan inflyasiyanın 2022-ci illə müqayisədə nisbətən az olacağını diqqətə çatdırıb:

“Çünki, ötən il Rusiya-Ukrayna müharibəsi həm regionda, həm də ölkəmizdə qiymət artımlarına səbəb oldu”.

O, 2022-ci ildə müşahidə edilən inflyasiyadan sonra cari ilin ilk yarısında da bu meyillərin aktiv olduğunu bildirdi.

“Ancaq iyun ayında nisbətən aşağı oldu ki, bu da daha çox mövsümi faktorlarla bağlıdır. Xüsuilə də yay aylarında yerli kənd təsərrüfatı məhsullarının bazara çıxarılması qiymətlərə birbaşa təsir etdi. Ancaq hazırda idxal inflyasiyası yenidən aktivləşib ki, bu da yerli məhsulların qiymətinə birbaşa təsir göstərir. Bu konteksdən də cari ildə real inflyasiyanın ikirəqəmli olması ilə proqnozlar səsləndirilir. Çünki ötən aylarda da ikirəqəmli inflyasiya müşahidə olunub”.

Onun dediyinə görə, cari ildə həm regionda baş verənləri, həm də yerli məhsulların qiymətlərində baş verən dəyişiklikləri nəzərə alsaq, prosesin hansı istiqamətdə getdiyini görmək olar:

“Bu qiymətlərə idxal olunan xammalın da təsirləri yüksəkdir. Ancaq həm Mərkəzi Bank tərəfindən tələbin optimallaşdırılması, həm də həm də digər dövlət qurumları tərəfindən inflyasiya yaradıcı faktorların munimallaşdırılması ilə bağlı öz fəaliyyətlərini davam etdirmələrinə, o cümlədən idxal inflyasiyasının aşağı salınmasına ehtiyac var”.

Azərbaycanda qiymət artımlarının arzuolunmaz hal olduğunu söyləyən V.Bayramov, bunun qarşısının alıması və optimallaşdırılması ilə bağlı işlərin görülməsinə ciddi ehtiyac olduğunu vurğuladı:

“Artıq Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul olundu. Qanunun məqsədi də, bu təsirlərin minimumlaşdırılmasına nail olmaqdan ibarətdir”.