Bakı “qış imtahanı” qarşısında

17

 

Dövlət qurumları hazırdırmı? Yay fəslinin sona çatmasıyla aktuallaşan mövzulardan biri də müvafiq dövlət qurumlarının qışa hazır olub-olmamasıdır. Çünki hər il qış gəlməmiş dövlət qurumları “heç bir problem yoxdur, qışa tam hazırıq” tipli açıqlamalar versələr də sonradan bu bəyanatların əslində heç nəyə yaramadığı aşkarlanır. Bu baxımdan ötən qışda paytaxt Bakıda və ölkənin digər yaşayış məntəqələrində müşahidə edilən problemləri xatırlamaq kifayətdir. Maraqlıdır, görəsən bu qışda da anoloji problemlərlə qarşılaşacağıqmı? Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti bununla bağlı verdiyi açıqlamada qışa ciddi hazırlıq gördüyünü bildirsə də buna inananların sayının çox olmadığını düşünmək olar. BŞİH-dən verilən məlumata görə, yolların qardan təmizlənməsi üçün texnika hazırlanıb, yollara səpilmək üçün duz, qum və s. tədarük görülüb. Amma unutmaq olmaz ki, BŞİH bu qəbildən olan şablon açıqlamaları hər zaman verib, amma bu açıqlamaların ömrü Bakıya yağan ilk qara qədər olub. “Azəriqaz” İstehsalat Birliyinindən verilən açıqlamalar da optimist tondadır. Qurumun rəsmiləri az qala and-aman edirlər ki, qışa hazırlıqla bağlı hansısa problem yoxdu və ola da bilməz. Amma “Azəriqaz”ın ötən qışda düşdüyü acınacaqlı durum verilən bu açıqlamaya da inamı azaldır. Xatırladaq ki, ötən qış Bakıda yaranmış məlum problemlərə görə Prezident İlham Əliyev “Azəriqaz” rəhbərliyinə sərt xəbərdarlıq belə etmişdi. Odur ki, “Azəriqaz”ın builki “qış imtahanından” necə çıxacağı hər kəsi maraqlandırır.

 

Mövzuya qayıdacağıq.