Bakıda həyətə axan çirkab suları narazılıq yaratdı

Xetai

Paytaxtın Xətai rayonu, Sarayev 8 ünvanında sakinlər son iki ildə yaranan problemi necə həll edəcəklərini bilmirlər.

ANS TV-nin məlumatına görə, binanın həyətinə axan çirkab suları yay-qış sakinlərin gününü qara edir. Bina sakinləri deyir ki, əvvəllər ətrafda sadəcə yaşayış obyektləri olub və kanalizasiya xətləri də elə onlar üçün nəzərdə tutulub. Hazırda isə bina yaxınlığında saysız-hesabsız tikilən obyektlər borularla çirkab sularını mövcud xəttə axıdırlar.

Borular kiçik ölçülü olduğundan son iki ildə sıradan çıxıb və su asfaltın üzərilə axır. Sakinlər kanalizasiya lükunun yanından əlavə dəlik də açıblar ki, yolla axan su kanalizasiya xəttinə tökülsün. Ancaq bu da faydasızdır. Hər dəfə Sukanal İdrəsinin Qəza Xidmətinin işçiləri xətləri təmizləsə də, problem iki saat sonra yenidən yaranır.

Məsələ ilə əlaqədar Xətai Rayon Sukanal İdarəsinə bildirildi ki, sakinlər bizə rəsmi şəkildə müraciət etməyiblər. Problemin həll olunması üçün binada yaşayanlar ərizə ilə yaxınlaşsınlar. Bundan sonra boruların daha geniş diametrli xətlərlə əvəzlənməsi işinə baxılacaq. Hər halda qurumdan deyilənlərə inansaq bir ərizə problemi həll etmiş olacaq.