Lavrovdan Qərbi Azərbaycana qayıdış ANONSU

Rusiyanın baş diplomatı Sergey Lavrov ötən gün çıxışında Qərbi azərbaycanlıların öz yurd-yuvasına qayıtmaq ehtimalına işarə vurdu. Əlbəttə, dedi ki, bu asan məsələ deyil. Lakin xarici işlər naziri İrəvanın buna hazır olduğuna eyham vurdu. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar.
Sitat: “Məsələlər sadə deyil. Ümid edirəm ki, bugünkü müzakirələr bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək”.
Lavrov “qarşılıqlı əsasda” ifadəsini işlətməklə bu prosesin adekvat olmasına sətiraltı işarə edib. Yəni Qarabağdakı ermənilərlə Azərbaycan arasında dialoq müsbət başa çatsa, inteqrasiya reallaşsa, etnik azlığın hüquq və azadlıqları təmin olunsa, Ermənistan da Qərbi Zəngəzura qayıdışı təmin etməlidir. Bu, yaxın tarix üçün irreal görünə bilər, amma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Əgər iki ölkə tarixi sülh sazişi imzalasa, (hərçənd bunu Rusiya istəmir) və diplomatik əlaqələr qurulsa, sərhədlər dəqiqləşdirilib açılsa, o zaman Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə gerçəkləşə bilər. Çox mürəkkəb bir prosesdir. İlk növbədə Ermənistan tam təminat verməlidir. İkincisi, azərbaycanlıların Ermənistanda məktəbləri, xəstəxanaları, deputatı olmalıdır. Yəni bütün təhsil, səhiyyə, sosial hüquqları təmin olunmalıdır. Lavrov bu açıqlaması ilə gələcəyin xəritəsini göstərib, amma Ermənistan sülh müqaviləsi imzalamasa, mümkün olmayacaq…