BDU-dan rektorun məhkəməyə verin dediyi qız barədə açıqlama

BDU telebe

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova sual verəndən sonra rektorun “bu tələbəni məhkəməyə verin” dediyi qızla bağlı BDU-nun mətbuat xidməti açıqlama verib. Pərvanə İbrahimova öz “Facebook” səhifəsində məsələ ilə bağlı açıqlama verib: “Bəziləri tərəfindən qəhrəman kimi təqdim olunan bu tələbə universitetdən 3 dəfə xaric olunub. Sonra bərpa edilib. Yaxşı oxuyan tələbə 3 dəfə xaric edilməz. Eyni zamanda, şikayət etdiyi imtahandan 17 balla kəsilib. Təkrar yoxlamada isə 18 alıb. İmtahandan keçid balı isə 25-dir. Kəsildiyinə görə şərə və böhtana, universitetin nüfuzuna xələl gətirən addımlara əl atıb. Oxumaq lazımdır, artistlik etmək yox!!!”.

Qeyd edək ki, bu gün bir tələbə ilə BDU rektoru Abel Məhərrəmov arasında maraqlı bir dialoq yaşanıb. ANS PRESS-in məlumatına görə, sual cavab zamanı bir xanım tələbə qarşılaşdığı problemlərlə əlaqəli rektora sual ünvanlayıb:

“Mən dərslərimi oxuyuram və hal hazırda 4-cü kursdayam. Tarix məllimi məni imtahannan kəsib və deyir ki sən pul verməmiş imtahandan keçməyəcəksən. Bu özbaşnalığa kim cavab verəcək?”

Tələbənin sualına özünəməxsus cavab verən BDU rektoru tələbənin məhkəməyə verilməsini istəyib:

“Bu tələbəni qeydə alın və bu gün bu tələbəni universitetə və müəllimə şər atmağına görə məhkəməyə verin. Tələbə məhkəmədə cəzalandırılsın və bu hamıya dərs olsun”.

Xatırladaq ki, dünən bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib.