Beynəlxalq Müəllimlər Günü Lerikdə qeyd olunub

07

 

Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov bu əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edib, xoş arzularını çatdırıb. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda 40-ə yaxın yeni məktəbin tikildiyini, 23 məktəbin əsaslı təmir olunmasını və məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla, kompüterlərlə təchiz edilərək internetə qoşulmalarını, təhsil sahəsində qazanılan uğurlardan qeyd edib. Ənənəvi hal kimi hər il rayonun qabaqcıl müəllimlərinin ölkə başçısı tərəfindən təltif olunmasını vurğulayaraq ölkə rəhbərinə minnətdarlığını və razılığını bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin müəllimi Kərimova Dünyaxanım Qulu qızının “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.