“Bu, başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi daha çox diqqət cəlb etdi”

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımının iyunun 13-də Bakıya səfəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə apardığı müzakirələr, mətbuata birgə bəyanatları dünyanın aparıcı media orqanları və siyasi mərkəzləri tərəfindən diqqətlə izlənildi.

Burada ən vacib məqamlardan biri, şübhəsiz ki, cənab Ərdoğanın Türkiyədə prezident seçkilərindən sonra ilk xarici səfərini yavru vətən Şimali Kiprdən sonra Azərbaycana etməsi oldu. Qardaş ölkənin prezidentinin bu ənənəvi jesti Azərbaycan-Türkiyə münasibətlərindəki qırılmaz bağların bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir.

Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsini 20 ildən çox müddət ərzində apardığı siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürü olduğunu bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, cənab Ərdoğanın liderliyilə qardaş Türkiyə böyük və şərəfli yol keçib, dünya miqyasında böyük güc mərkəzinə çevrilib. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycan xalqını da çox məmnun etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bütün çıxışında qardaş Türkiyənin Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədiyini, bu dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğuladı.

Prezident İlham Əliyev müttəfiqliyin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsinə toxunaraq bildirdi ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır, bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq olublar.

“Faktiki olaraq, Azərbaycan və Türkiyə uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdi, ancaq Şuşa Bəyannaməsi bunu rəsmiləşdirdi”, deyən Prezident cənab İlham Əliyev bildirdi ki, bu sənədin Şuşada imzalanması rəmzi xarakter daşıyır.

Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanın işğaldan azad olunması 27 sentyabr 2020-ci ildə başlamış və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

Prezident İlham Əliyev verdiyi bəyanatda Türkiyədə keçirilmiş seçkilərdən sonra Türkiyə – Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını vurğuladı.

Çıxışında Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunan Dövlətimizin başçısı dəhlizin açılmasının qaçılmaz olduğunu, dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacağını və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəyini qeyd etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında qardaş ölkənin Şuşada baş konsulluğunun açılması məsələsini qabartdı. Bu, başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi daha çox diqqət cəlb etdi.

Aparılan təhlillər deməyə imkan verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Həmçinin Türkiyə-Azərbaycan dostluğunun dünya üçün nümunə olduğu bir daha təsdiqini tapdı. İki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqlar arasında da çox yüksək səviyyədə inkişaf edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki səviyyədə olmayıb. Bakı və Ankara qarşıya qoyulan məqsədlərə sürətlə yaxınlaşır, qlobal güc mərkəzinə çevrilirlər. Bu cür parlaq və uğurlu nəricələr iki siyasi liderin uzaqgörənliyinin sayəsində mümkün olub. Onu da bildirək ki, qlobal güc mərkəzinə çevrilən türk dünyasının böyüməsindən narahat olan qüvvələr qardaş ölkələr arasında münasibətlərə xələl gətirmək üçün var gücləriylə çalışırlar. Azərbaycan – Türkiyə münasibətləri siyasi, iqtisadi, diplomatik sahələrdə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səviyyəsində çox böyük yol qət edib. Bizim münasibətlərimizin dünyada analoqu yoxdur. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi bu gün artıq 6 milyarda çatmaq üzrədir ki, onu da yaxın vaxtlarda daha böyük səviyyələrə çatdırmağa hər iki ölkənin niyyəti, imkanları var. Dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın təmsil olunmadığı kürsülərdə Türkiyənin, Türkiyənin təmsil olunmadığı kürsülərdə isə Azəbaycanın təmsilçiləri öz qardaşının mövqeyini müdafiə ediblər. Bütün bunlar iki ölkənin münasibətlərindəki təmənnasız dostluğun göstəriciləridir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı