Bu şəxslərə mənzillər veriləcək
“Çernobıl qəzasında zərər çəkənlər mənzillə daha sürətli təmin olunacaqlar”.
XALQ,AZ xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.
Komitə sədri bildirib ki, Çernobıl qəzasında iştirak edən və sağlamlığını itirmiş şəxslərin sosial statusu haqqında Qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində birdəfəlik müavinətlər Prezident təqaüdü ilə əvəz olunub: “Eyni zamanda əlilliyi olan şəxslər də əlillik dərəcələrinə uyğun olaraq pensiya alırlar. Bununla yanaşı, onların müalicəsi üçün də ildə bir dəfə əlavə müavinət verilir.
Onların imtiyazlı mənzillə təminatı istiqamətində də proses gedir, imtiyazlı növbəyə götürülüblər. Artıq onların böyük qismi mənzillərlə təmin olunub. Bundan sonrakı dövrdə mənzillə daha sürətli təmin olunacaqlar. Çünki indiyə qədər həm də məcburi köçkünlərimiz var idi, onların mənzil təminatına böyük ehtiyac var idi. Qarabağ müharibəsi şəhidlərinin və qazilərin mənzil məsələsi demək olar ki, artıq həll olunmaq üzrədir. Yəqin ki, yaxın bir ildə bu problem bitəcək. Sonra isə bu qəbildən olan, Çernobıl qəzası, digər əlilliyi olan şəxslərin də mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq”.