“Bu, təbii ki, bütün dünyaya bir mesaj olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Ötən ay qardaş ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra ölkəmizə səfər etdi. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin dövlət başçısı seçilməsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin göstəricisidir.

Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, səfər çərçivəsində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğumuzu vurğulayıb. Ərdoğan Türkiyənin Şuşadakı baş konsulluğunu istənilən vaxt açmağa hazır olduqlarını deyib. Bu da təbii ki, bütün dünyaya bir mesaj olacaq.

Deputatın sözlərinə görə, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülhə və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. Diplomatik cəbhədə Azərbaycanın haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar.

Səfər zamanı dövlət başçıları Zəngəzur dəhlizi haqında da fikirlərini bölüşdülər. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının coğrafi bağlantısına səbəb olacaq.

Deputatın fikrincə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etməsi də hərbi sahədə güclənən əməkdaşlığımızın göstəricisidir.

“Səfər çərçivəsində Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva və Əminə Ərdoğanın görüşü, onların tarixi məkan olan İçərişəhəri ziyarət etməsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da məmnunluq doğurur. Beləliklə, bu səfər Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlığın daha bir nümunəsi oldu”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.