“Bu zavodun zəhərli tullantılarının bölgədəki ekosistemə böyük zərər vuracağını indidən demək olar” – Deputat

“Ermənistanın adı bu gün də ekoloji terrorda hallanır. Bu da səbəbsiz, heç təsadüf də deyil. Sənaye fəaliyyəti ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Lakin bu sahə inkişafı ilə bəşəriyyətə fəlakət gətirəcəksə, onu tətbiq edən ölkə bunu dərhal dayandırmalıdır, əks təqdirdə qanunlar qarşısında cavab verməli olacaq. Ermənistan ABŞ şirkəti ilə birgə Naxçıvanın Sədərək rayonuna bitişik Arazdəyən kəndində iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyünün 30 m, sahəsinin isə 16 500 kvadratmetr olacağı deyilir. Yəni bu, çox iri bir zavod olacaq. Ona görə də hər kəsdə narahatlıq yaradıb, havanın daha dözümsüz hala gələcəyini də indidən proqnozlaşdırmaq olar. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərər vuracağını indidən demək olar. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır: “Bu “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Bu, bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdidi, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir”.