“Bunların heç bir nəticəsi olmayacaq” – Şahin İsmayılov

“Qarabağ münaqişəsinin bitməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün hələ də, xüsusən də Qərb tərəfindən öz bölgədəki maraqları baxımdan ATƏT-in Minsk qrupunun yenidən canlandırılmasına cəhdlər edilir. Bu siyasi riyakarlığın nəticəsidir. 30 ilə yaxın nəticəsiz fəaliyyət göstərən Minsk qrupu üzərinə düşən missiyanı yerinə yetirə bilmədiyindən 2020-ci ilin 10 noybarından sonra tarixin zibilliyinə göndərilib və Azərbaycan Prezidenti də bununla bağlı qəti mövqeyini dəfələrlə bəyan edib. Ona görə də belə fikirlərin ortaya atılması qəbuledilməzdir”.

Bunu  deputat Şahin İsmayılov deyib.

 

Onun sözlərinə görə, cənab Prezidentin bu günlərdə Şuşa Qlobal Media Forumunda səsləndirdiyi kimi, bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər var. 

“Artıq bu praktiki cəhətdən də mümkün deyil və Azərbaycan buna razı olmayacaq, imkan verməyəcək”, – o qeyd edib.

O eyni zamanda əlavə edib ki, əgər Minsk qrupu zamanında səmərəli fəaliyyət göstərib üzərinə düşən missiyanı həyata keçirsəydi, o zaman tərəflər arasında bu qədər insani itki olmazdı.

“Bölgədə sülh, sabitlik və əmin-amanlıq hökm sürərdi. Minsk qrupu ortaya beynəlxalq hüquqa əsaslanan ədalətli həll düsturu ortaya qoya bilmədiyindən iflasa uğradı. Minsk qrupu işini bəyanatlar verməklə bitmiş hesab edirdi, bu bəyanatlar da bir çox hallarda sülhə deyil, işğala təşviq xarakteri daşıyırdı. ATƏT MQ öz fəaliyyəti ilə özünün tarixin zibilliyinə yollamış oldu”, – o vurğulayıb.

Deputat əlavə edib ki, bu gün vasitəçilərinin iştirakı ilə İrəvanla Bakı arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlarını həyata keçirən iki proses mövcuddur.

“Bu danışıqlar prosesində vasitəçi qismində Rusiya və ABŞ birbaşa iştirak edir. Eyni zamanda Brüssel formatı da mövcuddur. Bu, rəsmi danışıqlar formatı deyil, çünki danışıqlar xarici işlər nazirləri, onların heyətləri və ekspertlər səviyyəsində aparılır. Brüssel formatı isə sülh proseslərində əlavə dəstəkverici rol oynayır. Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi. Fransa sülh prosesində obyektiv, ədalətli mövqe sərgiləmədiyindən Azərbaycanın siyasi iradəsi nəticəsində artıq prosesdə yoxdur.
ATƏT MQ-nin bərpa cəhdləri ikili siyasətin nəticəsidir. Lakin unudurlar ki, bu gün bölgədə sülh gündəliyini müəyyən edən Azərbaycandır. Belə cəhdləri edənlər isə bölgədə sülhə mane olub, gərginliyin davam etməsinə xidmət edənlərdir. Bunların heç bir nəticəsi olmayacaq”.