“Onlar Ermənistanla deyil, yenə də daha çox Azərbaycanla təmasda olacaqlar” – Deputat

“Azərbaycan bu gün Qarabağda yaşayan erməni icmasının ərzaq və digər bütün tələbatını ödəməyə hazırdır və bununla bağlı öz təkliflərini verib. Bakı bu məqsədlə Ağdam yolundan istifadə etməyi təklif edib”.

Bunu  deputat Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, Azərbaycanın bu humanizmə xidmət edən hərəkəti bütün beynəlxalq birlik tərəfindən müsbət qarşılanaraq dəstək qazanıb.

“Azərbaycan və Ermənistan liderlərinin sonuncu Brüssel görüşünün yekunu ilə bağlı bəyanat verən Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel tərəfindən də bu ideya dəstəklənib və o, erməniləri bu təklifi qəbul etməyə çağırıb. Bunu digər vasitəçi ölkələr də dəstəkləyib. Ağdam-Xankəndi yolunun açılması, həm Azərbaycan və erməni icması arasında etimad mühitinin yaranmasına, həm də bölgədə daha tez sülhün əldə edilməsinə xidmət edəcək. Qarabağda yaşayan ermənilər özləri bariz formada Azərbaycanın onlara sülh əlini uzadıb birgə yaşayışına və təhlükəsizliyinə təminat verəciyinin şahidi olacaqlar. Qarabağda yaşayan sadə ermənilər yolun açılmasını istəsə də, təəssüflər olsun ki, rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan Xankəndidəki cinayətkar xuntanın buna qarşı çıxması, yolun açılmasına imkan vermir. Onlar yaranmış vəziyyətdən istifadə edərək spekulyasiya ilə məşğuldurlar. Onlar insanları aldatmağa cəhd edirlər ki, guya Ağdam yolu ilə gətiriləcək məhsullar təhlükəlidir. Bu isə bir daha oradakı xuntanın məsələyə rasist yanaşmanı göstərir. Onlar yaxşı bilir ki, Ağdam yolu açılarsa, Qarabağda yaşayan erməni icmasının Azərbaycan tərəfi ilə birbaşa təması olacaq və bu da tez bir zamanda onların sonunu gətirəcək. Qarabağdakı erməni icması Azərbaycan dövlətini arxasında durduğunu və təhlükəsizliyini təmin etdiyini görüncə, özləri həmin xunta nümayəndələrini cəzalandıracaq. Onlar Ermənistanla deyil, əvvələrdə olduğu kimi yenə də daha çox Azərbaycanla təmasda olacaqlar. Bu həm yaxınlıq baxımından az vaxtda istədiyini keyfiyyətli ərzağı, məhsulu tapmaq, həm də iş bazarı baxımdan müsbət rol oynayacaq”, – o qeyd edib.