“Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan oldu” – Deputat

“Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsi keyfiyyətcə yeni mərhələyə keçir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.” 

Bu fikirlər Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Vətən müharibəsində Türkiyə qardaş Azərbaycan dövlətinə və xalqına  çox yüksək səviyyədə siyasi və mənəvi  dəstək göstərdi:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu birlik, həmrəylik üçüncü dövlətin 44 günlük Vətən müharibəsi müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə  mane oldu.

Eyni zamanda, bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət də məhz Azərbaycan oldu”.

Millət vəkili qeyd edib ki, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb:

“Bu baxımdan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırıb və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən, Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Prezident İlham Əliyev Şuşa Bəyannaməsi ilə bağlı iki məsələnin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçımız Bəyannamədə qarşılıqlı hərbi yardım göstərmək haqqında bəndi vurğulamaqla bu sənədin, məhz müdafiə sahəsində ciddi perspektivləri özündə əks etdirən razılaşma olduğunu diqqətə çatdırıb. Bu, təkcə erməni ictimaiyyətinə deyil, eyni zamanda dünya birliyinə ciddi mesajdır ki, Azərbaycan və Türkiyə bütün sahələrdə, xüsusilə hərbi və müdafiə sənayesi sahəsində müttəfiqdirlər”.

K.Bayramov diqqətə çatdırıb ki, bu gün əsas prioritet məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır:

“Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişafı həyata keçiriləcək”.