Cəlilabadda yeni məktəb açılmışdır

 

98

 

Cəlilabad rayonunun Həziabad kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq oktyabrın 17-də Cəlilabad rayonunun Həziabad kəndində yeni məktəb binası istifadəyə verilmişdir.
Xalq.az  xəbər verir ki, müasir üslubda inşa edilmiş 360 şagird yerlik ikimərtəbəli təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Məktəb binasının açılışına həsr olunmuş mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, ağsaqqallar, ziyalılar və təhsil işçiləri müəllim və şagird kollektivini əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, Dövlət Proqramı çərçivəsində respublikanın bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da tikinti və quruculuq işləri geniş vüsət almışdır. Rayonun yaşayış məntəqələrinə rahat yollar və təbii qaz xətləri çəkilmiş, yeni su və kanalizasiya sistemi qurulmuş, müasir məktəb binaları, səhiyyə obyektləri inşa edilmişdir. Bütün bunlar dövlətimizin başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mərasim iştirakçıları yeni məktəbin sinif və kompüter otaqlarına, fənn kabinetlərinə, idman zalına və kitabxanasına baş çəkmiş, yaradılmış şəraitlə tanış olmuşlar.