Çətənə kolu əkib-becərən tutuldu

Tutuldu

Salyan polisi qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərən rayon sakinini saxlayıb.

XALQ.AZ-ın məlumatına görə, həmin şəxsin həyətyanı sahəsindən çəkisi 64 kiloqrama yaxın 144 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxil olmuş məlumat əsasında Salyan polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Quyçu kəndində əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində həmin kəndin sakini, 40 yaşlı Mübariz Xanəhməd oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Mübariz Cəfərovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədən ümumi çəkisi 64 kiloqrama yaxın 144 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

RPŞ-nin müstəntiqi Sahib Səfərov deyir ki, “Bundan başqa Mübariz Cəfərovun yaşadığı evin həyətyanı sahəsindəki tikilidə 2,7 kiloqram quruduluş marixuana tapılıb”.

Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və qurudulmuş marixuana ilə birlikdə şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Mübariz Cəfərov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.