Daşkəsəndə yeni su xətti istifadəyə verildi

02

 

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qarant yardım proqramı” çərçivəsində Daşkəsən rayonunun Quşçu kəndinə çəkilmiş içməli su xəttinin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Yaponiya hökuməti ilə “Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım” İctimai Birliyi arasında bağlanmış müqavilə əsasında həyata keçirilən layihənin əhəmiyyətindən danışmışdır. O, kənd əhalisinin uzun illərdən bəri mövcud olan içməli su probleminin həllində yaxından iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeyə minnətdarlığını bildirmişdir.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində gündoğan ölkənin Azərbaycanda həyata keçirdiyi tədbirlərdən danışmış, Daşkəsənin Quşçu kəndinə çəkilmiş içməli su xəttinin bu layihənin davamı olduğunu diqqətə çatdırmışdır.
Bildirmişdir ki, 3050 nəfər kənd əhalisinin yararlanacağı bu layihə üçün Yaponiya hökuməti 119,816 ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Səfir qeyd etmişdir ki, Yaponiya hökuməti Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələri həmişə dəstəkləyir. Bu cür layihələr çərçivəsində Yaponiya hökuməti iqtisadi infrastrukturun yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafına, sosial sahələrə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edən sahələrə 1 milyard ABŞ dolları ayırmışdır.
Açılış mərasimində kənd sakinləri çıxış edərək uzun illərdən bəri qarşılaşdıqları içməli su probleminin həll edilməsində iştirak edən Yaponiya hökumətinə və bu ölkənin Azərbaycandakı səfirinə minnətdarlıqlarını bildirmişlər.
Sonra suyun gəlişini bildirən bulağın açılışı olmuşdur.
Açılış mərasimindən sonra Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və səfirliyin bir qrup işçisi Daşkəsənin Çovdar qızıl mədənlərində olmuş, burada işgüzar söhbətlər aparmışlar. Səfirə qızıl yatağında görülən işlər barədə ətraflı məlumat verilmişdir.