Deputat: “Əsas əngəl Beynəlxalq Qızıl Xaç Komitəsidir”

“Rusiyanın Qırmızı Xaç Komitəsinin avtomobilinin hələ də Xankəndiyə buraxılmaması göstərməkdədir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qondarma rejimin qalıqları ilə birgə hərəkət edir və özünün regionda olma məqsədlərindən çox uzaqlaşıb. Əminliklə demək olar ki, bu gün faktiki olaraq Ağdam-Xankəndi yolunun və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin qarşısında dayanan əsas əngəl məhz Beynəlxalq Qızıl Xaç Komitəsidir”

Bu fikirləri açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib:

” Özünü humanitar məqsədlər naminə bütün aktların dəstəkçisi kimi təqdim etsə də, BQXK faktiki olaraq Ağdam-Xankəndi yolunun açılmaması üçün mümkün rıçaqları işə salıb. Fransanın peyki kimi davranan təsisat Qarabağın erməni sakinləri arasında bu yolun açılmaması üçün təbliğatdan tutmuş Rusiyanın Qırmızı Xaç Komitəsinə təzyiqlərə qədər ardıcıl təxribatçı fəaliyyətini artıq gizlətmir.

Aydındır ki, beynəlxalq humanitar hüquqla əsas hədəfi silahlı münaqişələrin qurbanlarını qorumaq olan Qırmızı Xaç özü öz istəyi ilə qlobal oyunların iştirakçısı kimi çıxış etmir. O cümlədən də Ağdam-Xankəndi yolunun süni şəkildə əngəllənməsi Qərbin, ələxsus da Parisin sifarişidir. BQXK 1949-cu il Cenevrə Konvensiyası və sənədin 1977 və 2005-ci il Əlavə Protokolları ilə qarşısına qoyulmuş vəzifələrlə yox, belə təxribatçı fəaliyyətlə də məhz bu sifariş çərçivəsində məşğuldur.

Görünən odur ki, regiondan sıxışdırılan, qovulan riyakar Qərb dairələri üçün qalib Azərbaycanın qarşısına humanitar missiyalar pərdəsi altında çıxmaqdan başqa yol qalmayıb. Azərbaycanın artan hərbi-siyasi imkanları qarşısında birbaşa prosesə müdaxilə edə bilməyən Qərb Ağdam-Xankəndi yolu ilə yükün keçirilməsinə maneçilik törədilməsində Qızıl Xaçdan istifadə edir. Humanitar təsisatdan daha çox, radikal xristian ittifaqı kimi çıxış edən Qızıl Xaç da Qərb dairələrinin diqtəsi altında məmnuniyyətlə öz missiya və öhdəliklərini bir kənara qoyaraq selektiv yanaşmalarda ehtiva olunan pozuculuqla məşğul olmaqdadır.

Əslində Qırmızı Xaçın geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edən oyuncağa çevrilməsi, beynəlxalq humanitar təşkilat kimi yox, Fransa Xarici İşlər Nazirliyinin, yaxud Sorosun departamenti kimi fəaliyyət göstərməsi bizim üçün yenilik deyil”

B. Məhərrəmov əlavə edib ki, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən BQXK-nın ötən 31 illik periodda, nə münaqişə dövründə, nə də postmüharibə reallığında Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq:

“Əksinə, “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” kimi fundamental prinsipləri rəhbər tutmaq barədə öhdəlik götürən BQXK daim elə Qərbin diqtəsi ilə Ermənistanla vahid tərəf kimi çıxış edib. Hətta İrəvanın hərbi ortağına çevrilib. Bu gün təsisatın kəşfiyyat xarakterli məlumatların Ermənistana ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək verilməsinə qədər mandatına uyğun gəlməyən çoxsaylı riyakar fəaliyyəti barədə səhih faktlarımız mövcuddur. Habelə Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qaçaqmalçılıq fəaliyyəti, eləcə də beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz fəaliyyətləri birbaşa kameralar önündə ifşa edildi. Son dövrlərdə isə BQXK Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu və “humanitar fəlakət” şousunun mühüm iştirakçılarından biri kimi çıxış etməklə Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyəti göstərməkdədir. Baxmayaraq ki, BQX Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi  ilə borcludur ki, “Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin”. Lakin biz tam əksini görürük və bu kimi çoxsaylı anti-Azərbaycan fəaliyyətlər kifayətdir ki, elə həmin Sazişin 12-ci maddəsi və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndini rəhbər tutaraq artıq ifşa olunmuş bu cinayətkar klubu Azərbaycandan çıxaraq. Üstəlik, beynəlxalq hüquqla da artıq BQXK-nın regionda fəaliyyətinə zərurət qalmayıb. Belə ki, humanitar fəaliyyətin hüquqi bazislərindən sayılan 1997-ci il Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Yəni müvafiq humanitar fəaliyyət istiqamətində artıq əsas söz sahibi BQXK yox, milli təsisat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmalıdır”.