Deputat “Keçirilən“seçki”nin heç bir hüquqi, siyasi əhəmiyyəti onsuz da  yoxdur”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər. “Növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.
Azərbaycan Xankəndidəki qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətlə bağlı bundan sonra nə edəcək?
Məsələ ilə bağlı   danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Qarabağın dağlıq hissəsindəki “seçki” separatçıların özünü aldatmasından başqa bir şey deyil:
“Bütün dünya, o cümlədən Ermənistan Nikol Paşinyanın şəxsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən Qarabağ da Azərbaycanın ərazisi kimi tanınır. Belə olan halda Azərbaycan ərazisində onun qanunlarından kənar hər hansı icmanın, toplumun fəaliyyəti qadağandır və qanunla cəzalandırılır. 30 il boyunca Qarabağ  işğal altında olanda oradakı separatçı ermənilər müxtəlif “seçki” oyunları aparıblar. Gah “prezident”, gah “parlament” seçiblər. Bunların nəticəsini də heç kəs tanımayıb. Bu gün keçirilən qondarma “seçkilər” hesab edirəm ki, onların sonuncu oyunudur. Artıq Azərbaycan dövləti lazımi bəyanatını verib, tədbirlərini də görəcək, eləcə də dünyada heç kəs bu “seçki”ni tanımayacaq. Bu, sadəcə tamaşa və oyundur. Özünü aldatmaqdan başqa bir şey deyil. Yaxşı olardı ki,  ağıllarını başlarına toplayaraq, Azərbaycanın vətəndaşlığını qəbul edib, onun qanunlarına uyğun rahat yaşasınlar. Qısa müddətdən sonra onsuz da bu baş verəcək, belə oyunlara ehtiyac yoxdur”.

Musa Quliyev vurğulayıb ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan qovmaq lazımdır:

“Hesab edirəm ki, atacağımız ən ciddi addım üçtərəfli bəyanatda əksini tapan qeyri-qanuni erməni silahlı birləşmələrinin oradan çıxarılmasını təmin etməkdir. Bu, Rusiya sülhməramlılarının öhdəliyidir. Onlar bunu niyə yerinə yetirmirlər? Bunu Rusiyadan soruşmalıyıq. Onlar bunu etmirlərsə, biz öz ordumuzun, polisimizin köməyi ilə bu işi həyata keçirə bilərik. Yəqin ki, qısa zamanda bu iş həyata keçəcək. Oradakı “seçki”nin heç bir hüquqi, siyasi əhəmiyyəti onsuz da  yoxdur”.