Deputat konfransda iştirak edib

14 may 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransında iştirak edib.

Radioloji diaqnostika ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilən konfransda yerli və xarici mütəxəssislər tərəfindən radioloji yanaşmanın vacibliyi vurğulanıb.

Çıxış zamanı Məzahir Əfəndiyev son illər respublikamızın sosial-iqtisadi inkişafının cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini verdiyini, o cümlədən səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Eyni zamanda deputat heç bir dünya dövlətinin hazır olmadığı COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər və düzgün maliyyə təminatı, habelə qabaqçıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdiyini xüsusi vurğulayıb.