Deputat parlamentdə Qərbi azərbaycanlılarla bağlı məsələ qaldırdı

“Bu il Prezident İlham Əliyevin sərəncamı və iştirakı ilə Cümhuriyyətimizin, ordumuzun, Bakının işğaldan azad edilməsinin, eləcə də parlamentin 100 illiyi ilə bağlı təntənəli tədbirlər keçirildi.

Bu il eyni zamanda Ermənistan Respublikası adlanan qədim Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın erməni vandalizmi ilə qarşılaşaraq öz torplaqlarından didərgin düşmələrinin 30 illiyi tamam olur. Hesab edirəm ki. bu məsələyə diqqət edilməlidir. Bununla bağlı dinləmələr keçirilməlidir”.

XALQ.AZ xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Quliyev parlamentin iclasında çıxış edib.

O bildirib ki, 30 il bundan öncə 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin dəstəyi ilə vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər.

“30 ildir ki, həmin torpaqlarda nə azan səslənir, nə də “Allahu Əkbər” deyilir.  Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsində bu haqda dinləmə keçirilsin və soyqırımı deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmənin həyata keçirilməsi vacibdir. Biz bu soyqırımını pisləyən bəyanat qəbul etməliyik”.

 

 

Orxan