Repressiya qurbanlarına abidə təklifi

Parlamentin oktyabrın 30-da keçirilən plenar iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər.

XALQ.AZ xəbər verir ki, əvvəlcə çıxış edən  deputat Fazil Mustafa Stalin repressiyasına məruz qalmış tanınmış Azərbaycan şəxsiyyətləri ətrafında cəmiyyətdə və mediada müzakirələrin aparıldığını qeyd edib.

Deputat bildirib ki, hələ də bu məsələdə qaranlıq hallar  var: “Bir çox şəxsiyyətlərin məzarları hələ də məlum deyil. Ona görə də bu yöndə müvafiq addımlar atılması lazımdır. Həmçinin hesab edirəm ki, indiki “Sahil bağı” nda Stalin repressiyasına məruz qalmış insanların abidələri qoyulmalıdır”.

Deputat Musa Quliyev Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla bağlı məsələyə toxunaraq, 1988-ci ildən, yəni, sonuncu köçürülmədən 30 il ötdüyünü vurğularaq təklif edib ki, bu deportasiya, onun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ictimai dinləmələr təşkil edilsin.

Deputat Zahid Oruc isə çıxışında Minsk qrupunun fəaliyyətini kəskin tənqid edərək danışıqlar prosesinə ton vermək üçün yeni bir formatın yaradılmasını təklif edib. O qeyd edib ki, Danışıqlar Komissiyası adlı format yaradılsın.

 

 

Orxan