Deputat: “Tibbi sığorta insanlara yardım edə bilmir,araşdırılsın”

“Mən tibbi sığorta haqqında çox şikayətlər alırdım. Daha sonra bu mənə təsdiq oldu. Bir müddət əvvəl Səidova Səbinə Qüdrət qızı adlı bir xəstə mənə müraciət etdi. Qara ciyərində problem vardı.  Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri ilə danışdım dedim araşdırın baxın, bunlara vəsait ayrılmalıdır? Lakin bir həftə keçdi onlardan xəbər çıxmadı. İki ay yarım bu qurum bu insana yardım edə bilmədi və xanım rəhmətə getdi”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, agentlik barəsində araşdırmalar aparılmalıdır.  

Daha sonra deputat bir təkliflə də çıxış edib. O deyib ki, 103 Təxirəsalınmaz Təcili Yardım xidməti barədə yaranan narazılıqların bu xidmətin imkanlarından aslıdır.

“103 xidmətinin 129 nəfər ekipajı var. Onlar gün ərzində 500-1000 zəngi təmin edə bilirlər. Lakin onlara gündəlik 9-10 min müraciət gəlir. Bəzi avtomobillər nasazdır, çağırışa gedə bilmirlər, çatdırmırlar.

Mən təklif edirəm ki, təcili tibbi yardım  koronavirus xəstələrində ayrılsın. Koronavirus xəstələrinin çağırışı üçün xüsusi  qısa nömrə və xidmət ayrılsın”.