Deputat: “Xankəndidəki xunta rejiminin bu cür addımları Bakının daha sərt şərtləri ilə qarşılaşacaq”

“Ermənistanın və Qarabağdakı ermənilərin yalnız bir çıxış yolu var, o da ağ bayraq qaldırıb Bakının sülhlə bağlı şərtlərini yerinə yetirməkdən ibarətdir. Artıq Bakı nə Ermənistanın, nə də Qarabağdakı cinayətkar hərbi xuntanın nazı ilə oynamaq niyyəti var”.

Bunu  deputat İltizam Yusifov deyib.

 

Onun sözlərinə görə, son günlərdə erməni lobbisi və havadarları yenidən fəallaşaraq sülh prosesini pozmaq üçün Azərbaycan qarşı təxribatçı çirkin planları həyata keçirməkdədirlər.

“Ermənilər havadarlarının dəstəyi ilə istər xaricdə, istərsə də bölgədə ən müxtəlif təxribatçı  fəaliyyətlə məşğuldurlar. Məqsəd Azərbaycanı təxribata cəlb edib, ölkəmizə qarşı çirkin planlarını gerçəkləşdirmək istəyirlər. Bunun üçün son günlərdə xarici ölkələrdəki Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edib terror aktlarına əl atırlar. Livanda artıq belə bir terror cinayəti törədilib. Bununla yanaşı olaraq xaricədki havadarları ilə siyasi möhtəkirliyə əl atıb “humanitar böhran” adı altında ucuz şou xarakterli teatrlar təşkil edirlər. Amma unudurlar ki, nə Ermənistanın, nə erməni lobbisinin, nə də onların  havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək. Onların bütün oyunları əks effekt verəcək və öz başlarında çatlayacaq. Erməni xislətinə uyğun olaraq terror, vandal, cinayət və digər iyrənc metodlardan istifadə etməklə Azərbaycanı yolundan döndərmək mümkün deyil. Necə ki, indiyədək edə bilmədilərsə, bundan sonra da edə bilməyəcəklər”, – o qeyd edib.

Deputat əlavə edib ki, artıq ermənilər və onların havadarlarının ölkəmizə qarşı çirkin planları əks effekt verib, öz başlarında çatlamaqdadır:

“Bunu bu günlərdə Xankəndidəki hərbi cinayətkar xunta rejiminin başçısı Arayik Arutyunyan da etiraf etdi ki, onlara ümid verib arxalarında dayandığı  dünya gücləri  belə sonda geri çəkildi və erməniləri meydanda tək buraxdı.Nəticə nə oldu?! Nəticədə Xankəndidəki xunta rejimi vəziyyətdən çıxış yolu görmədiyindən, o cümlədən havadarlarının və revanşist qüvvələrin Qarabağdakı erməni icmasının Bakı ilə dialoqa getməsinə, Ağdam-Xankəndi yolunun açılmasına imkan vermədiyindən xunta rejiminin başçısı Araik Arutyunyan geri çəkilməli oldu. Bütün bunlara səbəb isə Azərbaycanın sərgilədiyi qətiyyətli, cəsarətli mövqeyi oldu. Anladı ki, çıxış yolu yoxdur. Gördü ki, Azərbaycanın gücü qarşısında ermənilərin dünyadakı güclü havadarları heç nə edə bilmirsə, onlar, ümumiyyətlə, heç nə edə bilməyəcəklər. Ən yaxşı yol Azərbaycanla danışıqdan və onların şərtlərini qəbul etməkdən keçir. Lakin Qarabağda yaşayıb Azərbaycana reinteqrasiya olunmaq istəyən ermənilər hələ də əvvəlki xam xəyallardan əl çəkməyən, bölgədə ermənilərdən alət kimi istifadə edib maraqlarını təmin etmək istəyən güclərin girovuna çevrildiyindən, onlara heç cür imkan verilmir. Azərbaycanın şərtlərini qəbul etmək istəməyən istər terrorçu xunta rejimi, istər revanşistlər, istərsə də onlara havadarlıq edənlər olsun, bilməlidirlər ki, Arutyunyanın kimin əvəzləməsindən asılı olmayaraq Bakının şərtləri qəbul edilməyəcəksə, məğlubiyyətə məhkumdurlar. Əksinə, Xankəndidəki xunta rejiminin bu cür addımları Bakının daha sərt şərtləri ilə qarşılaşacaq. Cənab Prezident məsələ ilə bağlı Bakının qəti mövqeyini ortaya qoyaraq bəyan edib ki,  Azərbaycan ərazi bütövlüyünü təmin edib və beynəlxalq hüquqa əsaslanaraq öz suveren hüquqlarını qətiyyətli şəkildə müdafiə edəcək və geriyə addım atmayacaq.

Cənab Prezident net şəkildə Ağdam-Xankəndi yolu və Qarabağdakı erməni icmasının zəruri yüklərlə təmin olunması ilə bağlı mövqeyini də beynəlxalq aləmə çatdırıb. Bildirib ki, Azərbaycan öz ərazisində yaşayan erməni icmasına hər cür  yardım etməyə hazırdır və bu məqsədlə yüklər yollanıb, ancaq erməni tərəfi qəbul etmir. Və erməni tərəfinin, onun havadarlarının Azərbaycana qarşı bütün iddialarını əsassız və bunun siyasi manipulyasiya olduğunu bəyan edib. Laçın  yolunun açılmasına gəldikdə cənab Prezident bütün dünyaya  açıq və net formada mesaj verib ki, ancaq Ağdam-Xankəndi  yolu açıldıqdan sonra Laçın yolu gömrük keçid məntəqəsi kimi qaydalara uyğun şəkildə fəaliyyət göstərə bilər. Yəni beynəlxalq hüquq qaydalarına uyğun şəkildə fəaliyyətini davam etdirəcək və kimsə bu məsələdə Azərbaycana təzyiq edə bilməz.
Prezidentin köməkçisi Hikmət Hacıyev isə bu fikir daha da inkişaf etdirərək bəyan etdi ki,  Ermənistan 30 illik işğal dövründə  gömrük qaydalarını kobud pozduğundan Azərbaycana kompensasiya ödəməlidir. Təbii ki, ermənilərin Azərbaycana vurduğu  digər ziyanlar kimi bu da müəyyənləşdirilməli və bunun kompensasiyası ödənilməlidir. Əminəm ki, günün birində  bu məsələ də həllini tapacaq.

Digər ciddi məqam ondan ibarətdir ki, ermənilər Bakının şərtlərini qəbul etmədikcə daha sərt reaksiyalarla üzləşəcəklər. Artıq Prezidentin köməkçisi Hikmət Hacıyev bununla bağlı “Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək və nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir” kimi bəyanat verməklə rəsmi Bakının beynəlxalq aləmə konkret mövqeyini  çatdırmış oldu. Artıq ermənilər bunun nə anlama gəldiyini yaxşı dərk etməlidirlər. Odur ki, ermənilərin Bakının şərtlərini qəbul etməkdən başqa yolları qalmır. Ya xoşluqla sülhü qəbul edəcəklər, ya da buna məcbur ediləcəklər”