Deputatlar mərhum jurnalist haqqında: “Onun çox görkəmli yazıları var idi”

18 iyun səhər saatlarında “moderator.az” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə doğma yurdu Kəlbəcərdə vəfat edib. Rayonun Başlıbel kəndində olarkən Zülfüqar Hüseynzadənin səhhəti qəfil pisləşib və anidən şəkəri yüksəlib. O, yaxınlıqda yerləşən hərbi hospitala aparılarkən yolda dünyasını dəyişib.

Zülfüqar Hüseynzadənin qəfil vəfatı həm onun ailəsini, həm dostlarını, həm də ictimaiyyəti dərindən sarsıdıb. Vəfat edən jurnalist uzun müddət Milli Məclisin deputatlarının fəaliyyətinin işıqlandırılmasında aktiv fəaliyyət göstərərək, parlament üzvləri ilə yaxın münasibətlər qurmağı bacarıb.

Peşəkar jurnalistin ölüm xəbərinə məyus olan deputatlar onunla bağlı xatirələrini bölüşüblər.

 

Deputat Cavanşir Feyziyev vurğulayıb ki, Zülfüqar Hüseynzadənin yoxluğu Azərbaycan ziyalıları, məsuliyyətli jurnalistika cameəsi, onun ailəsi və doğmaları üçün böyük və əvəzsiz bir itkidir:

“Qarabağın azad olunması kimi ən müqəddəs arzusuna çatdıqdan sonra daim doğma Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayan istedadlı jurnalist, gözəl insan, fədakar dost və mehriban ata Zülfüqar Hüseynzadə həyatının ən şirin çağında, 52 yaşında doğulduğu Başlıbel kəndində qəflətən vəfat edib. Bu ağır itkidən sarsılan hamıya, xüsusilə Zülfüqarın ailə üzvlərinə və doğmalarına səbir və başsağlığı diləyirəm. Allah rəhmət eləsin”.

 

Millət vəkili Vahid Əhmədov söyləyib ki, Zülfüqar Hüseynzadə vətənini, millətini sevən jurnalist olub:

“Zülfüqarı çoxdan tanıyıram. Onun çox görkəmli yazıları var idi. Həmçinin, rəhbrəlik etdiyi “moderator.az” saytı da kifayət qədər populyar idi. Zülfüqar Kəlbəcərdə rəhmətə getmiş nənəsinin məzarını tapmaq üçün sıx-sıx oraya gedirdi. Bundan mənim xəbərim var idi. Çünki o vaxtı onlar məcburi köçkü olanda, nənəsi orada rəhmətə getmişdi. Zülfüqarın analitik yazılarını hər zaman izləyirdim.

O Azərbaycanda kifayət qədər tanınmış jurnalist idi. Mənim yanıma mütəmadi olaraq gəlib-gedir, əsərlərimi müzakirə edirdik. Hər jurnalistin özünəməxsus bir stili var. Rəhmətlik Zülfüqar isə həm siyasi, həm də dövləti müdafiə edən mövzulara xüsusi diqqət yetirirdi. O, ən çox Qarabağ məsələsinə böyük diqqət göstərirdi. Torpaqlar azad olunanda Zülfüqarın nə qədər sevindiyinin şahidi olmuşam. Doğrudur, onun ürək və şəkər problemi var idi. Çox heyif ki, Zülfüqar 52 yaşında rəhmətə getdi. O, sayılıb-sevilən jurnalistlərdən olub. Onun rəhmətə getməsi Azərbaycan jurnalistikası üçün böyük itkidir. Allah rəhmət etsin”.

Deputat Məlahət İbrahimqızı Zülfüqar Hüseynzadənin öz dəst-xətti ilə seçilən jurnalistlərdən biri olduğunu vurğulayıb.

“Zülfüqar çox dəyərli jurnalistlərdən idi. Onu uzun illər idi ki, tanıyırdım. Zülfüqar çox gözəl qələm sahibi idi. Onun cavan yaşda dünyasını dəyişməsi bizə çox pis təsir etdi, üzüldük. Zülfüqar çox vətənpərvər oğlan idi. Qarabağ azad olunduqdan sonra dəfələrlə doğma torpağı olan Kəlbəcərə getmişdi. Zülfüqar tez-tez dədə-baba kəndindən paylaşımlar edərdi. Son nəfəsində belə vətəni, milləti və dövləti haqqında düşünmək hər adama qismət olmur”, – deyə o söyləyib.

 

M.İbrahimqızı vurğulayıb ki, Zülfüqar Kəlbəcərin abadlaşdırılmış vəziyyətini görmək istəyirdi:

“Ancaq Zülfüqar aramızdan çox erkən getdi. Hesab edirəm ki, Zülfüqarın son nəfəsdə düşüncələrlə şəhadətə qovuşması onun hansı dəyərlərə sahib olduğunu göstərir. Allah ona rəhmət eləsin. Məkanı nur ilə dolsun. Uşaqları sağlam olsun. Zülfüqarın arzularından biri idi ki, Kəlbəcərdə yaradılacaq gözəl infrastrukturu tezliklə görsün. Allahdan arzu edirəm ki, Kəlbəcərdə tezliklə quruculuq işləri tezlikə bitsin və biz də oraya gedərək Zülfüqarın ruhuna fatihə oxuyaq. Parlament müxbiri kimi Zülfüqara çox böyük hərmətim var”.

Kəlbəcərin deputatı Aqil Məmmədov xatırladıb ki, jurnalist Zülfüqar Hüseynzadə öz doğma kəndi haqqında xatirələrini bölüşər, arzularını dilə gətirərdi:

“Vaxtsız ölüm hamını kədərləndirdi. Mən bir kəlbəcərli olaraq onu xeyli vaxtdır tanıyıram. Zülfüqar həm vətənpərvər, həm də öz peşəsinə sadiq insan idi. Onunla müəyyən vaxtlarda əlaqə yaradıb, görüşürdük.  Rəhmətə getdiyini eşidəndə çox pis oldum. O, ata-baba yurdu ilə bağlı çoxlu xatirlərini danışırdı. Bu cür ölümləri insan qəbul edə bilmir. Ancaq Zülfqarın öz doğma kəndində rəhmətə getməsini onun üçün xoşbəxtlik də adlandırmaq olar”.

Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa Zülfüqar Hüseynzadənin onun ən çox təmas saxladığı jurnalist olduğunu bildirib:

“Zülfüqar bəylə çox uzun müddətdir ki, tanışlığımız vardı. O, ən çox təmas saxladığım jurnalistlərdən biridir. Zülfüqarın ən çox sevdiyim keyfiyyəti operativ olması idi. Hansı yazım gedirdisə, iki-üç dəqiqədən sonra Zülfüqar onu götürüb saytda yerləşdirirdi. Maraqlı cəhət orasındadır ki, onun göndərdiyi link diqqətimdən qaçanda, ərk ilə mənə yazırdı ki, “nə oldu bizi bəyənmədiniz? Niyə bizim saytdan olan yazını paylaşmırsınız?”. Mən ona özüm deyirdim ki, yazını birinci o yerləşdirsin ki, daha çox oxucu cəlb etsin. Müxtəlif tədbirlərdə də onunla görüşürdüm”.

F.Mustafa söyləyib ki, Zülfüqar Hüseynzadə böyük ürəyə sahib olan Azərbaycan övladı idi:

“Zülfüqar çox vətənpərvər biri idi. Birbaşa doğulduğun kəndə getmək, orada yaşamaq, qətlə yetirilmiş nənəsinin məzarını axtarmaq, çadır quraraq orada dünyanı dəyişmək ilahi bir möcüzədir. Kim gözləyirdi ki, 30 ildən sonra Qarabağ, Kəlbəcər azad olacaq? Adam bu həyatı bu cür qəribə şəkildə tərk elədi. Onsuz da dünya fanidir, hər kəs dünyasını dəyişəcək. Ancaq Zülfüqara doğulduğu torpaqda dünyasını dəyişmək qismət oldu.

Hesab edirəm ki, bu cür vətən sevgisi ilə dolub daşan insanların taleləri düşündürücüdür. Bizim tez-tez müəyyən məsələlərlə bağlı müzakirələrimiz olurdu. Hansısa aktual bir problem olanda Zülfüqar mənə zəng edərək “bəlkə, siz buna münasibət bildirəsiniz?” söyləyirdi. Onun qazilər, şəhid ailələri ilə bağlı müraciətləri olurdu. Zülfüqarın çox nadir hallarda şəxsi müraciətini eşidirdim. O, kiminsə problemin həll etməyə çalışan insan idi. Zülfüqar böyük ürəkli Azərbaycan övladı idi. Allah ruhunu şad eləsin. Çox üzüldük, içimiz sızladı. Bu dünya ayrılıq dünyasıdır. Hər birimiz gedəcəyik. Əsas odur ki, Zülfüqar yaxşı adla və arzuladığı məkanda dünyaya gözlərini yumdu. Elə bu, insanın xoşbəxtliyinin göstəricisidir”.

Deputat Arzu Nağıyev isə qeyd edib ki, jurnalist Zülfüqar Hüseynzadənin vətənə, Qarabağa böyük sevgisi olub:

“Zülfüqar Hüseynzadə ilə tanışlığımız təkcə jurnalist kimi deyil, vətənpərvər bir şəxs kimi baş tutub. Bu tanışlıq təxminən 11 il əvvələ söykənir. Həmin andan başlayaraq Zülfüqarın necə vətən eşqi ilə yaşayan, gözəl ailə başçısı, öz sözünün sahibi və yazdığı hər bir yazıya cavabdeh olan şəxs kimi tanımışam. Onun kollektiv üzvlərinə olan təması, ünsiyyətinə də şahid olmuşam. Məlum məsələdir ki, Azərbaycanda araşdırmaçı-jurnalistika yüksək səviyyədə deyil. Araşdırmaçı-juranlistika dedikdə, ağıla gələn ilk insanlarda biri elə Zülfüqar Hüseynzadə idi. Zülfüqar öz övladını da jurnalistika fakültəsində görməkdən həzz alırdı. Məlumdur ki, onun bir oğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. “Moderator.az” saytını o elə resurs etmişdi ki, daim oxunan, maraq doğuran yazılar ərsəyə gəlirdi. Yazıların keyfiyyətindən araşdırmaçıların keyfiyyəti göz önünə gəlirdi”.

 A.Nağıyev söyləyib ki, Zülfüqarın əməli və övladı onun ruhuna daim rəhmət oxudacaq:

“Mənim dəfələrlə Zülfüqar ilə Başlıbel və digər faciələr haqqında müzakirələrim olub. Müəyyən konsesusa gəlmək üçün hətta polemikalarımız da olub. Lakin bizim ortaq bir marağımız var idi. Onlar Azərbaycan, dövlət, dövlətçilik, Ali Baş Komandanın qətiyyəti və digər məsələlər olub. Zülfüqar Başlıbeli çox sevirdi və fəxr edirdi ki, onun adı məhz həmin kəndlə bağlıdır. Öz qohum-əqrabasının məzarlarını tapmaq və onları yenidən dəfn etmək Zülfüqarın arzusu idi. Məhz elə bu arzu onu dəfələrlə Başlıbelə apardı. Müharibə ərəfəsində biz onunla çox müzakirələr aparmışıq. Çalışmışıq ki, nəyin necə olacağı haqqında proqnoz verək. Dəfələrlə mənim yazılarım onun saytında dərc olunub. Mən Zülfüqarı sözübütöv bir kişi kimi tanımışam. Ruhu şad olsun. Bundan başqa biz fərqli platformalarda birliktə olmuşuq. Müxtəlif ali məktəblərdə ictimai nəzarət şurasının üzvü olub. Zülfüqarın bilik və savadı bəzi qərarların qəbul olunmasında böyük əhəmiyyət kəsb edib. Bir sözlə, Zülfüqar vətənini sevən və kişi kimi sözünü deyən şəxslərdən idi. Mən onun yaxınlarına başsağlığı verirəm. Başıuca gəzən qohum-əqrəbası Zülfüqarı həmişə dostlarının və digərlərinin yanında ehtiramla yad edəcəklər”.

 

 

modern.az