“Ermənistan və havadarları unutmasınlar ki, “Dəmir yumruq” öz yerindədir” – Deputat

Xəbər verdiyimiz kimi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində – “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bununla bağlı deputat İqbal Məmmədov bildirib ki, Ermənistanın təxribatları ilə regionda vəziyyəti gərginləşdirməklə yanaşı, sülh müqaviləsinin imzalnamasına maneə olmağa çalışırlar:

“İyunun 27-dəki təxribat bir daha Ermənistanın mahiyyətinin heç vaxt dəyişməyəcəyini göstərdi. 2020-ci ilin yay aylarında Ermənistan dövlət sərhədi boyunca intensiv hərbi təxribatlar törədərək nümayiş etdirdi ki, o, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. Cənab prezident hər zaman çıxışlarında bildirirdi ki, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Belə də oldu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Təəssüf ki, Vətən müharibəsindən sonra proseslər başqa formatda təkrarlanmaqdadır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın dördüncü maddəsinə uyğun olaraq, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Ermənistan tərəfi təxribatları ilə bir daha sübut etdi ki, o, öz imzasına və sözünə hörmət etmir. Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan bütövlükdə regional sülhə və təhlükəsizliyə real təhdid yaratmaqda davam edir. Bu gün də Ermənistan təcavüzkar və təxribatçı mövqeyində qalmaqdadır. İyunun 27-də qanunsuz erməni silahlı birləşmələr təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Ermənilərin son törətdiyi təxribatları ilə Azərbaycan tərəfinə növbəti sərt antiterror tədbirləri həyata keçirməkdən başqa yol qoymadılar. Növbəti “Qisas” əməliyyatı çərçivəsində düşmən sözün əsl mənasında növbəti ölümcül zərbə aldı. Belə ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı nəticəində qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib”.

Deputat vurğulayıb ki, Ermənistan və Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli Bəyannamədə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir:

“Ermənistan və havadarları unutmasınlar ki, “Dəmir yumruq” öz yerindədir. Yaxşı olar ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın. Növbəti “Qisas” əməliyyatı ilə ordumuz bir daha dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq”.