Fizulidə fəhlələr etiraz aksiyası keçirib

Fizuli rayonu

Horadizdə binaların bərpasında işləyən insanlar 3 aydır maaşlarını ala bilmədiklərinə görə etiraz ediblər

İki gün öncə Fizuli rayonunun Horadiz qəsəbəsində bir qrup fəhlə etiraz aksiyası keçirib. Bu barədə məlumat verən rayon sakinlərindən birinin dediyinə görə, etiraza səbəb Horadiz qəsəbəsində binaların bərpası işlərini həyata keçirən fəhlələrin 3 aydır əmək haqlarını ala bilməməsidir.

Qeyd edək ki, Fizuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Horadiz qəsəbəsində həyata keçirilən bərpa işlərində xüsusi marağının olduğu barədə hələ xeyli əvvəllər də mətbuatda məlumat yayılmışdı. Bununla bağlı bildirir ki, ölkə başçısı İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncamından irəli gələrək, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 yaşayış evinin 3 çoxmənzilli binanın bərpa edilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb.

Həmin məlumatlarda vurğulanırdı ki, Alı Alıyevin göstərişi ilə, ayrılan pullar mənimsənilib. Elə fəhlələrin iki gün öncə keçirdikləri aksiyadan da məlum olur ki, Horadiz üçün ayrılmış pullar təyinatı üzrə xərclənməyib. Hətta iş o həddədir ki, 6 milyon manat pul ayrılmasına rəğmən, orada işləyən zavallı fəhlələrin də əmək haqlarını kəsiblər

Jam.az