“Fransa hakimiyyəti bu gün ermənidən çox erməni olmaq həvəsindədir” – Deputat

“Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Köhnə ssenari yenə də davam edir”.

Bu sözləri Fransa Senatının üzvü Natali Qule deyib. O, Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb:

“Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar, həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıyıblar.

Guya “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”.

Mövzu ilə bağlı  millət vəkili Elman Nəsirov bildirib ki, Fransa hakimiyyəti bu gün ermənidən çox erməni olmaq həvəsindədir:

“Fransa parlamentinin hər iki palatası və Fransa hökuməti açıq şəkildə Ermənistana-separatizmə dəstək siyasətini həyata keçirir. Hətta iş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin qondarma rejimin müstəqilliyini tanıtma cəhlərinin boşa çıxmasından sonra Fransa parlamentinin hər iki palatası qondarma separatçı rejimin müstəqilliyini tanıyıb. Fransalı qanunvericilər faktiki olaraq ermənilərdən çox erməni olmaq niyyətini öz əməli addımları ilə təsdiq ediblər.

Bu reallıqlar fonunda Fransa parlamentinin 60 senatoru faktiki olaraq Qarabağda separatizmi dəstəkləyən bir memorandum hazırlayıb və açıq-aşkar separatçıların yanında olduqlarını ifadə ediblər.

Fransa hakimiyyəti, hətta Azərbaycana qarşı sərt ifadələr səsləndirərək bizi ittiham edirdilər. Halbuki onlara heç kim bu səlahiyyəti verməyib ki, başqa bir dövlətin daxili işlərinə qarışsın. Bu özü beynəlxalq hüququn müvafiq prinsiplərinin pozulmasıdır.

Ancaq Fransa parlamentindən artıq Azərbaycana dəstək səsləri gəlməkdədir və bu baxımdan hər zaman obyektiv mövqeyi ilə seçilən Natali Qule Azərbaycana dəstək ifadə edib.

Əslində bu reallıqlar fonunda ən düzgün yol Fransa hakimiyyətinin Azərbaycandan üzr istəməsidir. Fransa bir gün elə xanım Natalinin dediyi kimi, həm Azərbaycandan, həm də daxili işlərinə qarışdığı bütün dövlətlərdən üzr istəməlidir.

Amma ola bilsin ki, bu üzr istəmə kampaniyası indiki hakimiyyət yox, başqa bir hakimiyyət tərəfindən həyata keçirsin. Çünki bugünkü Fransa hakimiyyətinin sabahı görünmür”.