“Fransanın sülhdən, təhlükəsizlikdən, əmin-amanlıqdan bəhs etməyə mənəvi haqqı yoxdur” – Deputat

“Fransa hər zaman özünü dünyada insan haqlarının bir nömrəli müdafiəçisi kimi təqdim edir. Sanki dünyada Fransa qədər insanların haqq və hüquqlarını qoruyan ikinci demokratik dövlət yoxdur. Reallıq isə bunun tamamilə əksidir”.
Bu fikirləri  millət vəkili Elman Nəsirov bildirib.
Onun dediyinə görə, Fransa həm də haqq-ədalətdən danışır, ayrı-ayrı regionlarda sülhün və təhlükəsizliyin təminatına guya ki, töhfə vermək istəyindən bəhs edir:
“Hamımız çox gözəl bilirik ki, Fransa ali siyasi rəhbərliyi başda Prezident Emmanuel Makron olmaqla erməni separatizmini necə dəstəkləyir. Bu gün də dəstəkləməkdədir. Makron bəlkə də beşinci respublika tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir”.
Millət vəkili vurğulayıb ki, haqq-ədalət, demokratiya, insan hüquqlarından ağız dolusu danışan Fransa rəhbərliyinin söz, mətbuat azadlığını necə qəddarcasına boğduğu heç kimə sirr deyil:
“Bu günlərdə AzTV-nin əməkdaşları Fransada məhz belə bir qəddarlıqla, söz, mətbuat azadlığına qarşı vəhşi bir davranışla üz-üzə qaldılar. Jurnalistlərimizə yüngül xəsarət yetirildi, onların kameraları sındırıldı. Hətta kameralarını geri almaq istəyərkən, ölümlə təhdid olundular. Bu da məhz özünü demokratiyanın carçısı elan edən Fransanın küçələrində baş verdi. Bütün bunlar sübut edir ki, Fransanın bu gün heç bir regionda, heç bir beynəlxalq hadisəyə, heç bir beynəlxalq təhlükəsizlik məsələsinə münasibətdə ədalətli mövqeyini gözləməyin mənası yoxdur. Separatizmi dəstəkləyən və irqçilik siyasətini öz dövlət siyasətinin əsas istiqamətinə çevirən Fransanın mənəvi haqqı yoxdur ki sülhdən, təhlükəsizlikdən, əmin-amanlıqdan bəhs etsin”.