Qadın keçmiş sevgilisinin maşınının şüşələrini sındırdı

Sosial şəbəkələrdə Bakının Hövsan qəsəbəsində qadının minik avtomobilinin şüşələrini qırmasını əks etdirən görüntülər yayılıb.

Görüntülərdə qadının binalardan birinin önündə park edilmiş avtomobilin bütün şüşə və güzgülərini daşla sındırmasını görmək mümkündür. Daha sonra o, avtomobil sahibinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Hadisə yerinə polis əməkdaşları gəlib.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, ötən gecə baş vermiş hadisə araşdırılır:

“Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.

Araşdırmalarla məlum olub ki, 1983-ci il təvəllüdlü qadın keçmiş sevgilisinə məxsus olan “Mercedes” markalı avtomaşının ön və yan şüşələrini küt alətlə sındıraraq ehtiyyat hissələrini yarasız hala salıb. Hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir”.