“Onlar özlərinin əsl mahiyyətlərini bir daha ifşa etdilər…” – Deputat

“Siyasi ambisiyalarla yaşayan, lakin heç bir perspektivi olmayan anti-milli dərnəklərin təbii fəlakətlərə fürsət kimi yanaşması heç bir mənəvi-siyasi və əxlaqi çərçivəyə sığmır. Lakin söhbət bəlli dairələrdən gedirsə, bu yanaşma gözlənilən və müəyyən mənada da başa düşülən idi. Vətən müharibəsində qazanılan Zəfər, AXC-Müsavat xəyanəti ilə itirilən torpaqların işğaldan azad edilməsi, Qarabağ və Şərqi Zəngəzurda başlanan quruculuq-bərpa, reallaşmaqda olan “Böyük Qayıdış”, ölkədə həyata keçirilən çoxşaxəli islahatlar, atılan sosial-iqtisadi addımlar, siyasi sağlamlaşma faktiki olaraq anti-milli ünsürlər üçün istinad yeri qoymayıb. Belə bir şəraitdə zəlzələ şousu bu dairələr üçün göydəndüşmə oldu. Lakin eyni zamanda da onlar özlərinin əsl mahiyyətlərini bir daha ifşa etdilər…”

Bu sözləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov iyulun 3-də baş verən zəlzələ zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin telefon xətlərinin iqtidar tərəfindən qəsdən kəsilməsi iddialarına münasibət bildirərkən deyib.

“Nə qədər perspektivsiz, sosial bazasız olsa da, siyasi hədəfləri olan bir təsisat zəlzələdən sonra ilk növbədə milli mənafelərdən, mümkün zərər, dağıntı və itkilər barədə narahatlıq ifadə edib, çətin şəraitdə birliyə, həmrəyliyə çağırış etməli idi. Amma bunlar nə edirlər? Şəhər silkələndiyi vaxtda ilk imkan yenə pozuculuğa baş vurdular. Bunlar özlərini öz gözlərində çox böyüdürlər. Mənəvi olaraq bitmiş “siyasətçi”, yaxud onun telefonu hakimiyyətin nəyinə lazımdır? Bu, bir daha göstərir ki, heç bir sosial bazası, dəstəyi olmayan, sosial media qaragüruhunun ümidinə qalan anti-milli dairələr artıq təbii fəlakətlərdən mədət umacaq səviyyəyə düşüblər…”, – deputat bildirib.