General uşaqların tərbiyəsindən danışdı

General

Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin ərazisində yerləşən və  hər cür şəraitə malik uşaq bağçasında tədris ilinin açılış mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Daxili Qoşunlar  Komandanının müavini – Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin  Səmədov, Daxili Qoşunların hərbi qulluqçuları və ailə üzvləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən general-mayor F.Səmədov dövlətimiz tərəfindən uşaqların  tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildirərək, onların intellektual inkişafında, düzgün  tərbiyə olunmasında, eləcə də məktəbəqədər hazırlıqlarında bağçaların mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bağçada hər qrupun özünəməxsus proqramı olacaq və buna uyğun gündəlik məşğələlər keçiriləcək. Məşğələlər əsasən ana dilindən, təbiətlə tanışlıqdan, ilkin riyazi biliklərdən, fiziki tərbiyədən və musiqidən ibarətdir. Şübhəsiz ki, bu tip fəaliyyətlərin balacaların sosial bacarıqlarının formalaşmasında, dünyagörüşlərinin artırılmasında əhəmiyyəti böyükdür.

Daha sonra bağçanın müdirəsi Şəbnəm Əliyeva, eləcə də valideynlər adından çıxış edən Mehriban Muradova müasir standartlara cavab verən uşaq bağçasında tədris dövrünün açılışının onlar üçün sevindirici hal olduğunu bildirdilər. Xüsusi olaraq vurğulanıb ki, bütün bunlar Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, eləcə də Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən Daxili Qoşunların hərbçilərinə, onların ailələrinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Sonra qonaqlar valideynlərlə birlikdə bağçanın otaqlarını gəzmiş, uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.