Goranboyda zəngin əşyalar aşkar olunub

 

05

Goranboy rayonunda maddi mədəniyyət nümunələri aşkar edilmişdir

 

Goranboy rayonunun ərazisində arxeoloji qazıntı işləri aparılmışdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynov Xalq.az AzərTAc-a isitnadən xəbər verir ki, tədqiqatlar nəticəsində Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Göl yeri Eneolit və ilk tunc dövrü yaşayış yerində arxeoloji qazıntı işləri davam etdirilmişdir. Yaşayış yeri 2009-cu ildə tərəfimizdən qeydə alınaraq arxeoloji qazıntı işlərinə başlanılmışdır. Yaşayış yeri eneolit və ilk tunc dövrünə aiddir. 2013-cü il qazıntıları yaşayış yerinin hər iki təbəqəsində aparılmışdır.
Aparılan arxeoloji qazıntılar zamanı yarımqazma yaşayış evləri, təsərrüfat quyuları, ocaq yerləri, zəngin saxsı və daş məmulatı aşkar edilmişdir.
Eneolit təbəqəsindən aşkar edilən saxsı məmulatı əsasən bitki qarışıqlı gildən müxtəlif forma və ölçüdə hazırlanmış saxsı qablardan ibarətdir. Saxsı qabların bəzilərində en kəsikdə dairəvi-kobud formalı qulplar vardır. Eneolit təbəqəsindən üzəri müxtəlif üsullu və rənglərdə boyanmış saxsı qablarda aşkar edilmişdir.
İlk tunc dövrünə aid saxsı məmulatı daha keyfiyyətli hazırlanması və özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edir. Əsasən Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan yarımşar formalı qulplara malikdirlər.
Yaşayış yerinin hər iki təbəqəsindən çoxsaylı daş əmək alətləri, sümük məmulatı, gildən hazırlanmış insan və heyvan fiqurları, diskşəkilli əşyalar və digər maddi mədənİyyət nümunələri aşkar edilmişdir.
Tədqiqatlar nəticəsində Göl yeri qədim yaşayış yerini eneolit və ilk tunc dövrlərinə (eramızdan əvvəl V-III minilliklər) aid etmək olar.