Həkimin pul ilə verilişlərə sponsorluq etməsi qəbulolunmazdır
“Həkimlərimiz lazımsız verilişlərə artıq məbləğlərdə pullar ödəyir ki, özlərini reklam etdirsinlər. Bu da haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. Tanınmış həkimin heç bir reklama ehtiyacı olmamalıdır”.
Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı televiziya kanallarında həkim reklamlarının qadağan olunması ilə bağlı səslənən fikirləri şərh edərkən deyib.
Xanım deputat həkimin pul ilə verilişlərə sponsorluq etməsi və bununla şou xarakterli proqramlarda özlərini reklam etmələrinin qəbulolunmaz olduğunu deyib:
“Dünən Milli Məclisdə səslənən fikirlərlə razıyam. Həkim haqqında müsbət və ya mənfi fikir söyləyərkən bunun əndazəsi olmalıdır. Hər bir şeyin həddi var. Həqiqətən də bu heç qəbul olunan hal deyil ki, həkim öz pulu ilə şouya yatırım etsin. Həkim humanizm, şəfa verən, sağlamlığı qoruyandır, həyata qaytarandır. Əgər həkimin imkanı varsa, pulunu adına uyğun olaraq sosial-humanitar lahiyələrə, hər hansı yardıma ehtiyacı olanlara, müalicəsi üçün yardım gözləyənlərə etməlidir. Bu hal heç kimi qıcıqlandırmaz. Sosial-humanitar layihələr qala-qala həkimlərin şou xarakterli, həkim adına uyğun olmayan yerlərə pul xərcləmələri ictimaiyyəti qıcıqlandırır. Bu cəmiyyətdə qıcıq yaratmaqla yanaşı, qanunverici orqanın təmsilçilərində də qıcıq yaradır”.
Reklam haqqında qanuna yenidən baxılacağını deyən İbrahimqızı dəyişikliyin olacağı anonsunu da verib:
“Bütün bunlara nəzərə alaraq Reklam haqqında qanuna yenidən baxılacaq. Bu qanun çərçivəsində və beynəlxalq təcrübələrə əsaslanaraq həyata keçiriləcək. Nəticədə hansısa maddələrdə dəyişiklik ediləcəyi ola biləcəyi gözləniləndir. Çünki dünən keçirilən Milli Məclisin iclasında təkcə Musa Qasımlı deyil, digər deputat həmkarlarım da bununla bağlı haqlı iradını bildirib”.
Yaxşı həkimin reklama ehtiyacı yoxdur deyən deputat fikrini belə tamamlayıb:
“Həkimlərimiz lazımsız verilişlərə artıq məbləğlərdə pullar ödəyir ki, özlərini reklam etdirsinlər. Bu da haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. Tanınmış həkimlərin heç bir reklama ehtiyacı yoxdur”.
Qeyd edək ki, dünən Milli Məclisin deputatı Aqil Abbas həkimlərin televiziya kanallarında reklam olunması məsələyə münasibət bildirib. O qeyd edib ki, sovet vaxtı hansısa həkim haqqında xoş söz demək də qadağan idi: “İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır.
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev də mövzu ilə bağlı danışıb.
Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişiklik daxil edilməlidir:
“Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.