İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir

01

 

Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.

“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.

1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Prezident İlham Əliyev və “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

  • Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əvvəlcə hər birinizi bu gün Azərbaycanda salamlayıram. Dövlət və hökumət başçılarına, nazirlərə bizim dəvətimizi qəbul edərək bu tədbirdə iştirak etdiklərinə görə minnətdarlığımı bildirirəm. Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. Bu gün “Şahdəniz-2” enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir.

“Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə – Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra – 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq.

Bu, tarixə bir ekskurs, Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsi layihəsi istiqamətində keçdiyimiz yolda mühüm hadisələr idi. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.

“Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.

Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq. Bu gün mən Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edirəm. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Eyni zamanda, “Şahdəniz” konsorsiumuna Azərbaycanla bağlı səylərinə görə minnətdarlığımı bildirirəm. Xüsusilə, Azərbaycanda enerji sahəsinin iki lideri və strateji tərəfdaşı olan ARDNŞ və bp-yə təşəkkürümü bildirirəm. bp və ARDNŞ arasında 20 illik əməkdaşlıq təcrübəsi vardır. İmzalayacağımız sazişlər bu əməkdaşlığın 40 il və hətta ondan da uzun müddət davam edəcəyinə imkan verəcəkdir.

Onu da qeyd etmək istərdim ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik.

Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur “Holland sindromu”na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir.

Bu gün bu əməkdaşlıq daha geniş formata qədəm qoyur və daha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı yaradılır. Əminəm ki, gələcəkdə “Şahdəniz-2” layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir.

Bu gün biz təbii ki, qazımızın Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada “Şahdəniz” layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda, ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur.

Gələcəkdə biz hasil edə biləcəyimiz qədər qaz həcmini nəzərdə tutulmuş kəmərlər vasitəsilə nəql edəcəyik. Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır.

Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir.

Bu tarixi gün münasibətilə Azərbaycan xalqını, bütün dostlarımızı və xarici tərəfdaşlarımızı təbrik edirəm. Layihəmizə uğurlar arzulayıram. Uğurlar “Şahdəniz-2”.

X X X

Albaniyanın Baş naziri Edi RAMA bu layihənin icrası nəticəsində Azərbaycan və Albaniyanın Xəzər və Adriatik dənizlərini əlaqələndirəcəyini və alternativ enerji marşrutlarının xəritəyə gətirilməsinə töhfə verəcəyini bildirərək dedi:

  • Azərbaycan şirkətləri və ehtiyatları Cənubi Avropa ölkələri üçün yeni bir mənzərə yaradacaqdır. Eyni zamanda, Albaniya mühüm enerji layihəsi şəbəkəsinin tərkib hissəsi olacaqdır. Mən hesab edirəm ki, TAP yalnız imkan və fürsətlər demək deyildir.

Eyni zamanda, böyük məsuliyyət deməkdir. Bizim hökumətlərimiz zəruri, maddi və insani kapital yönəldəcəkdir ki, bu layihə uğurlu nəticələrini versin. Biz təminat veririk ki, Albaniya və Cənub-Şərqi Avropa ilə bağlı bütün öhdəliklər yerinə yetiriləcəkdir.

Həm sizin, həm də Türkiyə kimi strateji tərəfdaşımızın dəstəyi nəticəsində Albaniya, Xorvatiya, Monteneqro və digər Balkan ölkələri inkişaf edəcəkdir. Azərbaycanın xüsusi dəstəyi və əməkdaşlığı nəticəsində mənim ölkəm qazlaşdırmaya müvəffəq olacaqdır.

X X X

Bolqarıstanın Baş naziri Plamen OREŞARSKİ bu layihənin ölkəsi üçün də yeni imkanlar açdığını vurğulayaraq bildirdi:

  • Əvvəlcə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, məni bu tədbirə dəvət edib. Bu mərasim “Cənub” qaz dəhlizinin başlanmasıdır, mənim ölkəm üçün də yeni imkanlar deməkdir. TAP Bolqarıstan ərazisindən keçəcəkdir və bu, bizə qazın əlavə həcmlərini təmin edəcəkdir. Bu işdə sizə uğurlar arzulayıram.

Cənab Prezident, ölkəmə olan diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Şahdəniz-2” layihəsinin ölkələrimizin həyatında əhəmiyyətli rol oynayacağını bildirən Gürcüstanın Baş naziri İrakli QARİBAŞVİLİ vahid enerji siyasətində uğur əldə edilməsində “Cənub” qaz dəhlizi layihəsinin önəmindən danışaraq bildirdi:

  • Azərbaycan regionumuzun və Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir.

Eyni zamanda, Gürcüstanın coğrafi mövqeyi Cənubi Qafqazda nəqliyyat qovşağı rolunu oynamağa imkan verir və Türkiyə ilə birlikdə Avropanı Xəzər dənizi regionu ilə birləşdirən ən qısa tranzit marşrutu təklif edir.

Əminəm ki, bu, uzunmüddətli və dayanıqlı çoxtərəfli əməkdaşlığımızın yalnız başlanğıcıdır. Növbəti addımlar Trans-Xəzər layihələrinin inkişafına və Xəzər hövzəsinin digər dövlətləri ilə danışıqların intensivləşdirilməsinə yönəldiləcəkdir. Son irəliləyişlər və ötən 20 il ərzində toplanmış birgə təcrübəmiz səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərir.

Cənab Prezident, Sizi bu tarixi gün – vahid enerji siyasəti, inkişaf və uğurun əldə edilməsində həlledici rol oynayan “Cənub” qaz dəhlizi layihəsinin icrasına başlanılması münasibətilə təbrik edirəm.

X X X

Xorvatiyanın Baş naziri Zoran Milanoviç bu layihə ilə Azərbaycanın tarixində yeni mərhələnin başlandığını, “Şahdəniz-2” layihəsinin ölkəsi üçün də xüsusi əhəmiyyət kəsb etdiyini dedi. O, layihə çərçivəsində yeni iş yerlərinin açılacağına, əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə etdi. Bakıda gedən inkişaf proseslərindən məmnunluğunu bildirən Zoran MİLANOVİÇ dedi:

  • Mən 20 il bundan əvvəl Azərbaycanda olmuşam. Bu, mənim ikinci səfərimdir. Mən gördüklərimə valeh olmuşam. Bu gün Azərbaycanın yeni bir tarixi mərhələsidir. Bu, sadəcə olaraq bir gündür. Bundan əvvəl isə uzun illər sıx əməkdaşlıq həyata keçirilmiş, gərgin işlər görülmüşdür. Siz sadə əməkdaşlıq yolu seçməmisiniz. Bu tədbirdən əvvəl uzun illər planlaşdırma həyata keçirilmişdir. Sizin ölkəniz siyasi və təhlükəsizlik baxımından çox təmkinli olmuşdur.

Xorvatiya bu layihənin demək olar ki, ən sonunda yerləşir. Biz Aralıq dənizində limanlara sahibik. Eyni zamanda, biz də enerji təchizatımızı şaxələndirmək niyyətindəyik. Bizim bir sıra planlarımız vardır. Bu layihə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan mən bunun icrasını səbirsizliklə gözləyirəm. Bu, yalnız enerji təhlükəsizliyi demək deyil, bu, əməkdaşlıq deməkdir. Bu, ölkələri bir araya gətirmək, yeni iş yerləri, yeni sərmayələr deməkdir.

Ümid edirəm ki, növbəti dəfə Azərbaycana 20 ildən sonra yox, daha tez gələcəyəm. Amma bu gün gördüyüm məni həqiqətən də təsirləndirdi, valeh etdi. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Monteneqronun Prezidenti Filip Vuyanoviç dedi ki, bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji sabitliyini təmin edəcəkdir. Prezident İlham Əliyevə ölkələrimiz arasında əlaqələrin inkişafına göstərdiyi diqqətə görə təşəkkürünü bildirən Filipp VUYANOVİÇ dedi:

  • Azərbaycanda olmaq, “Cənub qaz dəhlizi”nin Avropaya birləşdirilməsi ilə bağlı tədbirdə iştirak etmək məndə xüsusi məmnunluq doğurur. Bu dəhliz ilə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir. Bu isə Monteneqro üçün strateji və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mən burada yalnız bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bu layihəyə qoşulmaqla Monteneqro özünün uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcəkdir. Çünki burada çox etibarlı təchizatçıdan söhbət gedir. Bu boru kəməri ilə Monteneqroda daha münbit sərmayə mühiti yaradılacaq və yeni sərmayə imkanları açılacaqdır. Bu layihə həm inkişaf, həm tikinti dövründə və daha sonra layihənin işə salınması mərhələsində mənim ölkəmdə yeni iş yerləri yaradacaqdır. Bizim vətəndaşlarımız və iqtisadiyyatımız münasib qiymətə enerji ilə təmin ediləcəkdir ki, bu da sakinlərin yaşayış səviyyəsini yaxşılaşdıracaqdır. Bundan əlavə, bu qazın nəqli nəticəsində mənim ölkəm böyük mənfəət əldə edəcəkdir.

Xanımlar və cənablar, mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, mənim ölkəmin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə yeni qurduğu əməkdaşlığı qeyd etmək istərdim.

SOCAR bu gün Monteneqronun ən elitar turist məkanlarının birində nəhəng infrastruktur inşa etməkdədir və bu, Adriatik dənizi sahilinin ən gözəl incilərindən olacaqdır.

Möhtərəm cənab Prezident, bir daha Sizə təşəkkürümü bildirirəm ki, Siz bizim ölkələrimiz arasında əlaqələrə bu qədər əhəmiyyət verirsiniz.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Şahdəniz-2 layihəsinin yekun investisiya qərarı kimi mühüm sənədin imzalanması münasibətilə təbriklərini çatdıran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam HEYQ yeni yaradılan “Cənub” qaz dəhlizinin mühüm əhəmiyyətini xarakterizə edərək bildirdi:

  • Birincisi, bu, Avropanın qaz təchizatı baxımından həm marşrut boyu, həm də yeni mənbə qismində enerji təhlükəsizliyini artıracaqdır. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli bizim yeganə təchizatçı və ya bir tranzit sistemindən asılılığımızı azaldacaqdır. Qarşıdan gələn illərdə “Cənub” dəhlizinin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı vardır. Bu isə öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə ola bilər.

İkincisi, Avropanın qaz bazarında rəqabət artacaqdır. Bu isə enerjinin qiymətini daha münasib edəcəkdir. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər.

Üçüncüsü, “Cənub” dəhlizi bizim iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyduğumuz məqsədləri dəstəkləyəcəkdir. Yenilənən enerjiyə yönəlmiş sərmayələrin fonunda qaz bizə ən sadə və etibarlı enerji təmin edəcəkdir. Həm də qaz ekoloji baxımdan kömürdən təmizdir. Hazırda bir sıra Avropa dövlətlərinin hökumətləri üçün enerji təhlükəsizliyinin təmin edilməsi qlobal iqlim dəyişikliyi ilə mübarizədən daha ön sırada durur. Lakin enerji təhlükəsizliyimizi gücləndirməklə “Cənub” dəhlizi bizə zəhərli tullantıların azaldılmasına diqqəti yönəltməyə imkan verəcəkdir.

Nəhayət, “Cənub” dəhlizinin işlənilməsi 2 min mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və tikinti mərhələsində otuz mindən artıq yeni iş yeri yaradacaqdır. İnşası başa çatdıqdan sonra boru kəmərləri Azərbaycan üçün Avropa bazarına uzunmüddətli çıxış təmin edəcəkdir. Bu, çox böyük nailiyyət olacaqdır. Mən fərəhlənirəm ki, bp başda olmaqla Britaniya şirkətləri layihəyə öz töhfəsini vermişdir və bu iş bundan sonra da davam edəcəkdir.

Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində Böyük Britaniya iyirmi ilə yaxındır ki, aparıcı rol oynayır. Bu isə birbaşa xarici sərmayələrin yarısından çoxunu təşkil edir və hazırkı qərarla böyük həcmdə əlavə sərmayələr cəlb olunacaqdır. Maliyyə vəsaitləri ilə yanaşı, bp və digər Britaniya şirkətləri zəngin təcrübələrini cəlb edərək Azərbaycan hökuməti, şirkətləri və xalqı ilə çiyin-çiyinə çalışaraq bu layihəni reallığa çevirəcəkdir. Məhz bu səbəbdən bu qərar istər neft və qaz, istərsə də digər sahələr üzrə Azərbaycan- Böyük Britaniya əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Bu gün Azərbaycanda Böyük Britaniyanın 300-dən artıq şirkəti fəaliyyət göstərir. Biz bundan sonra da iki ölkə arasında güclü ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi imkanlarını araşdırmalıyıq. Hökumətlərimiz BMT Təhlükəsizlik Şurasında bir sıra məsələlər üzrə mühüm əməkdaşlıq etmişlər. Britaniyada təhsil alan çoxsaylı azərbaycanlı tələbələr Bakıda uğurla fəaliyyət göstərirlər. “British Council” və Azərbaycanda yaşayan üç mindən artıq britaniyalı ölkələrimiz arasında güclü təmaslar qururlar. Bir sözlə, bugünkü tədbirin əhəmiyyəti ölkələrimiz arasında ikitərəfli münasibətlərdən tutmuş enerji təhlükəsizliyinə qədər bir sıra sahələrdə hiss olunacaqdır. Bununla biz yeni iş yerlərinin yaradılması, iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılması və qlobal iqlim dəyişikliyi ilə mübarizədə səylərimizi dəstəkləyəcəyik.

Dünyanın ən iri enerji layihələrindən biri artıq reallığa çevrilməyə başlamışdır. Biz Avropanın enerji marşrutlarının xəritəsini başa çatdırırıq və mən mühüm nailiyyətin əldə edilməsində əməyi olan bütün tərəfləri təbrik edirəm.

X X X

İtaliyanın xarici işlər naziri xanım Emma BONİNO “Cənub” qaz dəhlizinin yaradılmasına başlanmasının mühüm əhəmiyyət kəsb etdiyinin vurğuladı və bunun uzunmüddətli məqsədyönlü əməkdaşlıq nəticəsində baş tutduğunu söylədi. TAP layihəsinin İtaliya, həmçinin digər Avropa İttifaqı ölkələri, eləcə də Balkan regionu dövlətləri üçün taleyüklü məsələ olduğunu vurğulayan Emma BONİNO dedi:

  • Xüsusi qeyd etmək istərdim ki, Avropa Komissiyası TAP layihəsini birgə maraq kəsb edən layihələr siyahısına daxil etmişdir və bununla da müxtəlif prosedurlar sürətlənəcəkdir. Mühüm zəruri maliyyə vəsaitlərinin ayrılması prosesi daha da sürətlənəcəkdir.

İtaliya enerji təhlükəsizliyi və vacib enerji infrastrukturunun yaradılmasına mühüm töhfə verir. Zənnimcə, bu layihə bizim münasibətlərin çox əhəmiyyətli bir elementidir. Avqustun 11-də cənab Prezident İlham Əliyev və İtaliyanın Baş naziri cənab Enriko Letta arasında imzalanmış memorandum da bu istiqamətdə çox mühüm bir sənəd olmuşdur. Mən sizi əmin etmək istərdim ki, İtaliya hökuməti də bu işin sürətlə aparılmasında əlindən gələni əsirgəməyəcəkdir. Eyni zamanda, bu, bizim ikitərəfli əməkdaşlığımızın mühüm elementləridir. Azərbaycan İtaliyanın 4 ən iri neft təchizatçılarından biridir. Artıq bizim əməkdaşlığımız qaz sahəsini də özündə ehtiva edəcəkdir. Bundan sonra bizim ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr inkişaf edəcəkdir.

Bu baxımdan mənim bu tədbirdə iştirakım bizim ikitərəfli münasibətlərə verdiyimiz əhəmiyyətin bariz nümunəsidir. Təşəkkür edirəm.

X X X

Bu layihəni ölkəsinin daim dəstəklədiyini və bunun reallaşması üçün səyini əsirgəmədiyini bildirən və əlamətdar tarixi hadisə münasibətilə Türkiyə dövləti və xalqının təbriklərini çatdıran Türkiyənin enerji və təbii sərvətlər naziri Taner YILDIZ bildirdi:

  • Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər neftinin dünya bazarına açılması və Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə də təbii qazın Türkiyədə istifadə edilməsi təmin olunmuşdur. Bunlar vacib layihələrdir, amma kifayət etmirdi. Hazırda biz istər Türkiyənin təxminən 50 milyard kubmetrlik təbii qaz ehtiyacının bir hissəsinin ödənilməsi, istərsə də Avropa İttifaqına üzv ölkələrin təbii qaz tədarükünün həll edilməsi baxımından mühüm bir layihəni, inşallah, imzalayacağıq.

Olmayan bir şey paylaşılmaz, amma var olan bir şey həmişə paylaşıla bilər. Xəzər xüsusilə bu sərvətlərini dünya bazarlarına təqdim edərək həm yerləşdiyi bölgənin, həm də digər bölgələrin rifah səviyyəsini daha da artıracaqdır. Türkiyə bütün strateji və coğrafi üstünlüklərindən bu layihələrin xeyrinə istifadə edəcəkdir.

Taner Yıldız ötən illərdə birgə neft-qaz layihələrinin reallaşması üçün Türkiyənin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sıx və səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq dedi:

  • SOCAR və digər şirkətlərin təmsilçiləri bizimlə bərabər çox səy göstərdilər. İnşallah, müsbət sonluğa doğru çox əmin addımlarla irəliləyirik.

Mən bu layihədə əməyi olan bütün pay sahiblərinə bir daha təşəkkür edirəm. Allahdan bu layihənin həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələr üçün uğurlu olmasını diləyirəm. Hamınızı sevgi və ehtiramla salamlayıram.

X X X

Avropa İttifaqının TAP layihəsini tam dəstəklədiyini, “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter OTTİNGER dedi:

  • Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik ki, bu layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin gələcəyin inkişafını təmin edən siyasi təməl bu gün qoyulur.

2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu əməkdaşlığımızın parametrlərini müəyyən etmişlər. Burada təmsil olunan şirkətlər isə layihəni kommersiya baxımından dəstəkləyirlər. Məmnunam ki, biz vədlərimizə sadiq qaldıq. “Cənub” qaz dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır.

Avropa İttifaqı və Türkiyə yeni qaz mənbəyinə çıxış eldə edir. Qaz təchizatı şirkətləri tələb olunan sərmayələrin əsaslandırılması üçün müvafiq həcmlərə malikdirlər.

Buraya qədərki yolumuz heç də asan olmamışdır. Bu işdə qarşılıqlı anlaşma, təmkin və danışıqlar tələb olunmuşdur. Bütün tərəfləri bu işdə təqdir etmək istərdim. “Şahdəniz” və onunla birləşəcək digər kəmərlər Avropa İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu olacaqdır.

Mən böyük məmnuniyyətlə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu adından “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması münasibətilə layihədəki iştirakçı dövlətləri və şirkətləri təbrik edirəm. Bu uzaqgörən planın memarları ilə birlikdə olmağından fərəhlənirəm.

Yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Birincisi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub” qaz dəhlizi. Qərar Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcəkdir və Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir. Bu, enerji və sənaye əlaqəsi olmaqla yanaşı, həm də mədəni bağlılıqdır. Şadam ki, bu layihənin Cənub-Şərqi Avropada davam etdirilməsinə dair Azərbaycan Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro arasında razılıq vardır. Buraya Rumıniya, Macarıstan və Avstriyanı da əlavə etmək olar. Bu, onun sübutudur ki, bugünkü tədbir daha böyük layihənin başlanğıcıdır.

Hörmətli cənab Prezident, xanımlar və cənablar. Bu işdə əməyi olanları səmimi qəlbdən təbrik edirəm. Qapı artıq açılmışdır. Bu marşrut üzrə əməkdaşlığımız davam etməlidir. Hər birinizə uğurlar arzulayıram.

X X X

İxrac kəmərlərinin şaxələndirilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirən ABŞ-ın enerji nazirinin müşaviri Conatan ELKIND rəsmi Vaşinqtonun Azərbaycanın yerləşdiyi regionun enerji ehtiyatlarının işlənməsi və digər regionlar ilə əməkdaşlığın gücləndirilməsinə tərəfdar olduğunu söyləyərək bildirdi:

  • Bu regionun zəngin enerji ehtiyatları vardır. Bu baxımdan Azərbaycan çox xoşbəxt bir ölkədir. Bu gün SOCAR başda olmaqla müxtəlif şirkətlər bu ehtiyatları dünya bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı olan ölkələrə təbii qazın nəqli çox vacib bir elementdir. Vacibdir ki, istehsalçı və istehlakçı ölkələr arasında əlaqələr güclü olsun və bu baxımdan da mən Vaşinqtondan enerji nazirinin və Obama Administrasiyasının salamlarını çatdırıram.

Cənab Prezident, Sizi əmin etmək istərdim ki, ABŞ Prezidentinin Administrasiyası bizim bacarıqlı səfirimiz Riçard Morninqstar vasitəsilə Azərbaycanı dəstəkləyəcəkdir və Sizin ölkənizi və regionda olan tərəfdaşlarınızı dəstəkləməyə hazırdır. Təşəkkür edirəm.