İslam Partiyası “milli şura”nın fırıldağını üzə çıxardı

 

09

“Milli şura”nın son sessiyasından sonra bu qurumla bağlı olan qalmaqallar artmaqdadır. Sıralarının boşaldığını görən radikal müxalif liderlər qurumdan gedənlərin qovulması və s. kimi anormal fikirlər də səsləndirirlər.

Ən maraqlısı isə budur ki, bu qurumu tərk edənlər müxalifətdə gedən bəzi anormal prosesləri də açıb ortalığa qoyurlar. Belə bir fikir Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Akif Heydərliyə məxsusdur. Bu gün sosial şəbəkələrdə yayılan həmin fikirlər müxalifətçilərin geniş müzakirə mövzusu olub. Onlar islamçıları qınamaqla yanaşı belə şəxsləri öz sıralarına qatan liderlərinə də həqarət ediblər.

Qeyd edək ki, AİP funksioneri “milli şura”nın onların adından sui-istifadə etdiyini deyib: “Milli şura” bu günə qədər İslam Partiyasının, xüsusən də partiya sədri Hacı Mövsüm Səmədovun adından sui-istifadə edib”.

A.Heydərli bildirib ki, AİP “milli şura”nın üzvü olmağa heç vaxt cəhd göstərməyib və belə bir qərarı da olmayıb: “Milli şura” Hacı Mövsüm Səmədovu niyə zorla üzv edirdi ki, sonra da onun istefası tələbini iclasda müzakirəyə çıxarırdı. Partiyanın sədr müavini olaraq, tam rəsmi olaraq deyirəm ki, Hacı Mövsüm Səmədovun “milli şura”ya daxil olması barədə heç bir müraciəti olmayıb. Heç, partiyanın sədr əvəzi Elçin Manafovun da “milli şura”ya belə bir müraciəti olmayıb”.

O vurğulayıb ki, “milli şura”nın AİP-lə əməkdaşlıq şəraitində olması ilə bağlı bu günə qədər yayılan məlumatlar bu qurumun reytinqinin qaldırılmasına xidmət edib: “Bir daha qeyd edirəm ki, İslam Partiyası “milli şura”ya daxil olmayıb. Başa düşə bilmirəm ki, “milli şura”nın keçirilən son yığıncağında İslam Partiyasının sədri və sədr əvəzinin çıxarılanlar arasında adlarının çəkilməsi ilə nə demək istəyiblər? Bir sözlə, “milli şura” Hacı Mövsüm Səmədovun adından su-istifadə edib”.