Virtual Qarabağ Tarixi Muzeyi yaradılacaq

10

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib gəlmiş layihələrdən biri də Virtual Qarabağ tarixi muzeyinin yaradılması layihəsidir. Bu barədə layihənin rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov məlumat verib.

Layihə rəhbərinin sözlərinə görə, artıq 2013-cü ilin oktyabr ayından Virtual muzeyin yaradılması işlərinə başlanılıb.

Səbuhi Hüseynov deyib ki, virtual muzeylər son dövrdə bütün dünyada yüksək templə inkişaf etməkdədir. Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə, özündə Qarabağın tarixini, mədəniyyətini, etnoqrafiyasını və arxeologiyasını əks etdirən eksponatların virtual sərgilənməsini təşkil edəcək. Qarabağın tarixini özündə əks etdirən eksponatlar dünyanın müxtəlif muzeylərində bu gün də sərgilənməkdədir. Virtual Qarabağ tarixi muzeyinin əsas məqsədi həmin bu maddi mədəniyyət abidələrini bir internet resursunda toplayaraq gənclərin diqqətinə çatdırmaqdan ibarət olacaq.

Virtual Qarabağ Tarixi Muzeyi layihəsi gənc nəslin öz maddi mədəni irsini dərindən öyrənməsi və araşdırılması və həmçinin beynəlxalq informasiya şəbəkəsində Qarabağın milli dəyərlərinin qorunub saxlanması və işğal altında qalan abidələrimizin dağıdılmasına qarşı mübarizə məqsədi ilə yaradılır.