Jalə Əliyeva: “Müşahidələrimlə hər kəs müstəqil səs verir”

“Bu gün səhər 07:30-dan etibarən Türkiyədə keçirilməkdə olan Prezident və Parlament seçkilərini izləmək üçün Milli Məclisin 15 nəfərdən ibarət deputat heyəti və MSK üzvləri ilə birlikdə İstanbulun müxtəlif məntəqələrində olduq. Biz burada Türk Dövlətləri Təşkilatının müşahidəçi qrupu olaraq iştirak edirik. Səsvermənin başlanması prosesini və ilk qatılımı izlədik”.

Bunu  XALQ.AZ -a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

 

Onun sözlərinə görə, çox izdihamlı bir qatılım var: “Bütün partiya nümayəndələri oradadır. Səsvermə növbəsi küçəyə qədər daşır. Hətta bizdə elə təsəvvür yarandı ki, belə getsə bəlkə də səsvermə günortaya qədər bitər. Vətəndaş çox rahat, sərbəst bir şəkildə səsvermə prosesində iştirak edir. Onların hər biri səsvermədə müstəqil idilər. İştirakçıların arasında çox sayda gənc, orta yaşlılar, ahıl yaşda olanlar, əlil arabası ilə gələnlər, hətta qucağında 40 günlük körpəsi ilə ailəlikcə səs verənlər var. Seçki və nəticələri Türkiyəmiz üçün xeyirlərə vəsilə olsun, inşallah!”