Leyla Əliyevanın təşəbbüsü ilə maarifləndirmə aksiyasına başlanıb

 

04

Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində (MDTU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən həyata keçirilən “Gənclər QİÇS-ə qarşı” təbliğat kampaniyasının davamı olaraq “İÇV infeksiyasının profilaktikası” mövzusunda maarifləndirmə aksiyasına start verilib. Noyabrın 23-də MDTU-da Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), UNİSEF, “Qırmızı lent” təşkilatı və MDTU-nun təşkilatçılığı ilə təbliğat aksiyasının təqdimatı keçirilib. Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti iştirak edib.

RAGB-ın idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “İÇV infeksiyasının profilaktikası” aksiyası QİÇS-lə mübarizəyə dair BMT-nin “Avropa İÇV test həftəsi” kampaniyası çərçivəsində gerçəkləşdirilir. İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetində başlanan aksiya Rusiyanın digər regionlarında, o cümlədən Vladimir və Kaluqa vilayətlərində davam etdiriləcək. Aksiyanın sonuncu tədbiri noyabrın 29-da Azərbaycan Dövlət Tibb Universitetində keçiriləcək. Aksiya çərçivəsində ali və orta məktəblərdə mühazirələr oxunacaq, maarifləndirici broşürlar paylanacaq.

İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq fəaliyyət üzrə prorektoru P.Litvitski tədbirdə bildirib ki, QİÇS dünyada sürətlə yayılan xəstəliklərdəndir. Bütün xəstəliklər kimi, İÇV virusunun da sərhədi yoxdur: “Düşünürəm ki, gənclərin bu xəstəliyin profilaktikası və müalicəsi qaydaları ilə tanış edilməsi olduqca vacib məsələdir”.

Tədbirdə iştirak edən 2011-ci il “Rusiya gözəli” müsabiqəsinin qalibi Natalya Qantimurova cəmiyyətdə QİÇS/İÇV xəstələrinə tolerant münasibətin formalaşdırılmasının vacibliyinə diqqəti çəkib. O vurğulayıb ki, bu cür tədbirlər cəmiyyətdə QİÇS probleminin açıq müzakirə olunmasına yol açır.

Tədbirdə iştirakçılara QİÇS-lə mübarizə rəmzi olan qırmızı lentlər, maarifləndirici broşürlər paylanıb.