Şeyx İlham Əliyevə və xanımına təşəkkür etdi

95

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” kitabının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimi açan QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər İslam aliminin həyat və fəaliyyətindən bəhs olunur.

A.Paşazadə belə bir kitabın ərsəyə gəlməsinə görə Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

O, qeyd edib ki, bu kitab iki il yarım ərzində hazırlanıb. Bu müddət ərzində Abbasilər və Səfəvilər dövründən bu yana İslam alimləri, şeyxülislamlar haqqında məlumat toplanıb. İslam dünyası qarşısında xidmətləri olmuş din xadimləri və alimlərinin əməyi qiymətləndirilməli, onlar bu formada yenidən “dirilməlidir”: “Bu bir başlanğıcdır. Bundan sonra bu sahədə işlər yenə də davam etdiriləcək. Çünki elə İslam coğrafiyasında İslam mədəniyyətinin formalaşmasında elə alimlərimiz var ki, onların adları bu kitabda yer almayıb”.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, Milli Məclisin üzvləri, alimlər, şairlər, ilahiyyatçılar və digərləri iştirak ediblər.

AMEA prezidenti A.Əlizadə qeyd edib ki, bu kitab Azərbaycanın din alimlərinin ensiklopediyası kimi qəbul edilə bilər: “Bu ensiklopediyanın hazırlanması bizim din mədəniyyətimizin bir hissəsidir. Bu, gələcəkdə gənc alimlərimiz üçün də masaüstü kitab olacaq”.

O, kitabda vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ dövründə Azərbaycanın şeyxülislamı olmuş doğma babası Şeyx Əlizadə barədə məlumatların da yer almasına görə öz minnətdarlığını bildirib.

Milli Məclisin üzvü Fəttah Heydərov isə belə bir kitabın işıq üzü görməsini təqdirəlayiq hal adlandırıb. Onun fikrincə, arxiv və araşdırma materialları əsasında hazırlanmış bu kitab gələcək nəsillər üçün böyük töhfə olacaq.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili M.Qurbanlı tarixi şəxsiyyətlərimizə sahib durmağımızın önəmli olduğunu deyib: “Heç bir sərhəd din və mədəniyyətin qarşısını ala bilməz. Millətlər və xalqlar öz tarixi şəxsiyyətlərindən ilham alaraq gələcəyə baxırlar. Azərbaycanın da belə şəxsiyyətləri var. Onları üzə çıxarmaq çox mühüm məsələdir. Onlar haqqında belə kitablar yazmaq çox əhəmiyyətli hadisədir”.

 

05

Onun sözlərinə görə, Azərbaycan istər Çar Rusiyasının, istərsə də SSRİ-nin tərkibində olarkən bu sahədə araşdırmaların aparılmasına imkan verilmirdi. Ona görə də bu şəxsiyyətlərin irsinin tədqiq edilməsi çox önəmlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S.Aran bildirib ki, Adil Mövlayinin “Qafqazda elm dünyasının ulduzları” kitabı bu gün Azərbaycan xalqı üçün mənəvi cəhətdən böyük əhəmiyyət kəsb edir. Bir sıra təkliflərlə də çıxış edən S.Aran gələcəkdə bu tipli kitabların nəşri zamanı din alimlərinin əsərləri və onlarla bağlı maraqlı əhvalatların da yer almasını istəyib.

Buna cavab olaraq QMİ-nin sədri A.Paşazadə bildirib ki, bu kitab bir “pioner”dir: Burada çatışmayan cəhətlər çoxdur. Lakin hansısa formada başlanğıc qoyulmalıdır. Bundan sonra bu kitablar daha təkmil formada olacaq”.

Şeyxülislam qeyd edib ki, Çar Rusiyası ilə İran arasında 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas arxiv materiallarının toplandığı Tbilisi və Sankt-Peterburq arxivlərinin araşdırılması üçün xüsusi qrup yaradılıb.

Kitabın müəllifi, əslən azərbaycanlı olan İran vətəndaşı, dini araşdırmaçı A.Mövlayi qeyd edib ki, biz tariximizi yazmaqda çox geri qalmışıq: “Bizim görüləcək çox işimiz var. Bizim münasibətlərimiz təkcə mədəni, dini, siyasi deyil, daha sıx münasibətlərimiz var. Bizim elə dahi şəxsiyyətlərimiz, alimlərimiz var ki, onların qanı da, canı da Azərbaycandandır”.

A.Mövlayi qeyd edib ki, İranda artıq işıq üzü görmüş bir sıra kitablarda azərbaycanlı din alimləri haqqında müfəssəl məlumatlar yer alıb. O, araşdırmalarını davam etdirəcəyini və bu coğrafiyada böyük işlər görmüş dahi alimlərimizin tanıdılması üçün daha böyük işlər görüləcəyini açıqlayıb.

Müəllif bu kitabın hazırlanmasında A.Paşazadə və İranın Azərbaycandakı Mədəniyyət Mərkəsinin sədri Seyid Əli Ocaqnecada minnətdarlığını bildirib.

S.Ə.Ocaqnecad ağa təklif edib ki, kitabda bəhs edilən alimlərin İranın Ərdəbil şəhərində saxlanılan fotoşəkilləri Azərbaycana gətirilsin və şəkillərin altında onlar haqqında geniş məlumat verilməkdə burada sərgi təşkil edilsin.

Qeyd edək ki, tədbirdə kitabda bəhs edilən alimlərinin bəzilərinin
övladları və nəvələri də iştirak ediblər.