“Mənim reklama ehtiyacım yoxdur”

3

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə sosial şəbəkələrdə barəsində səslənən tənqidlərə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, millət vəkili seçicilərlə görüşündən sonra facebook səhifəsində paylaşdığı fotolar və xəbərlərin “özünü reklam edir” kimi düşünən insanların cavabını gecikdirməyib.

“Məlumatların saytlarda verilməsi barədə heç bir sayta və televiziyaya xahiş etdirmədim, məqsədim ancaq buradakı maraqlanan dostlarımı fəaliyyətim haqqında məlumatlandırmaq idi. Mənə qəribə gələn bəzi saytların mənim keçirdiyim görüşlərin reklam olduğuni iddia etmələri və fəaliyyətimi bildirdyimə görə mənə irad bildirmələri oldu.

Elə isə cənab tənqidçilərdən soruşmaq istəyirəm, deputatlar öz fəaliyyətləri barədə məlumat verməlidirlərmi? Əgər millətin seçdiyi vəkillər onlarla görüşləri və seçicilərin xahişlərinə dair etdikləri bildirməyəcəklərsə, tənqidçilər seçicilərlə işimizi necə təsəvvür edirlər ?

Bu dəfə üç tələbənin təhsil haqqının yarısını ödədim, bir şagirdə kompyuter bağışladım, bu faktları ( birinci dəfə deyil) gizlətməli idim, yoxsa növbəti imkansıza bir ümüd, digər imkanlıya isə bir çağırış verməli idim. Hər halda hesab edirəm ki, bizlər ” sən nə etmisən? ” sualına ancaq seçki öncəsi cavab necə verməli deyilik.

Bəlkə seçicilərimlə görüşlər zirzəmilərdə, gizlin şəkildə, parollarla keçirilməli, deputatın dairəsinə gəlib getməsi gizlin saxlanılmalıdır?”-deyə deputat qeyd edib.

YAP-çı deputat həmçinin reklama ehtiyacı olmadığını deyib.

“Opponentlərimin bildirdiyi kimi, mənim reklama ehtiyacım yoxdur. Mən necəyəmsə, eləyəm. Öz mövqeyimlə, imkanımla və istəyimlə. Seçicilərlə də görüşüm reklam xatirinə deyil, ürəkdən olara kömək etmək istəyimdən irəli gəlir. Doğulduğum və icra başçısının müavini vəzifəsinədək yüksəldiyim Mingəçevirin hər məsələsi mənə yaxındır və həmişə onlarla birlikdə olmaqdan, onların hansısa bir probleminə kömək etməkdən qürur duyram. Bunu həmişə etmişəm, həmişə də edəcəyəm.

Göründüyü kimi,opponetlərimin arqumentləri çox zəifdir. Onların təklifləri ya depuataların fəaliyyəti barədə mətbuatda məlumat verilməsinə yasaq qoyulmasına, ya da seçicilərimizdə bizim haqqımızda yanlış təsəvvür yaradaılmasına xidmət edir.

İsti otaqda oturub mücərrəd fikirlər bildirmək çox asandır, çox istərdim ki, onlar seçicilərimin problemləri həll ediləndə onların sevinclərini də görə biləydilər”.