“Məqsəd əhalinin ərzaqla təminatı deyil…” – Millət vəkili

Məşhur Məmmədov,
Millət vəkili

Ötən həftə Azərbaycan rəsmən etiraf etdi ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesi İrəvanın Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq cəhdi ucbatından dalana dirənib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də açıqlamasında bildirdi ki, Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda vəziyyəti tamamilə dəyişəcək. Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrinin ərazimizdə mövcudluğunu qoruyur, torpaqlarımızda qanunsuz və tabe olan rejimi maliyyələşdirir. Bakı və İrəvan danışıqlar zamanı çox mühüm irəliləyiş əldə edə bildilər, tərəflərin sülh müqaviləsi layihəsinin demək olar ki, 70%-nə xüsusi etirazı yoxdur. Amma Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı sülh müqaviləsi üzrə danışıqlar prosesini aşağı saldı.
Bəzi Qərb hökumətləri və mediası Azərbaycanın hələ də nəzarətində olmayan, Qarabağ ermənilərinin yaşadığı Qarabağ ərazisini blokadaya alması mövzusunu əlində bayraq edib. Xatırlayaq ki, təqribən 2 həftə əvvəl BMT-nin fövqəladə iclası oldu, Ermənistan Azərbaycanın hərəkətlərini pislətməyə cəhd etdi, lakin planlar suya düşdü, heç bir sənəd qəbul olunmadı. Erməni yalanlarını dəstəkləmək üçün Fransa Laçın yolu ilə Qarabağa humanitar yardım göndərdi. Azərbaycan sərhədçiləri yükü keçirməyə imkan vermədi, Azərbaycan isə Bakının Qarabağa humanitar yardımın çatdırılmasında prioritet hesab etdiyi Ağdam-Xankəndi yolu ilə humanitar yardım göndərdi. Qarabağ separatçıları yardımdan imtina ediblər. Bu hadisələr fonunda ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib. Azərbaycan Prezidenti dövlətin milli maraqlarını qoruyacağını açıq şəkildə bildirdi və qeyd etdi ki, Azərbaycanla razılaşdırılmadan Laçın sərhəd-keçid məntəqəsinə malların çatdırılması ölkənin daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Ermənistanın bu cür siyasəti sülh müqaviləsi üzrə danışıqlara ciddi ziyan vurur.
Cənab Prezident qeyd edib ki, Ermənistanın Ağdam-Xankəndi yolundan istifadə etməkdən imtina etməsi siyasi manipulyasiyadır və bu ərazidə humanitar və ya ərzaq böhranı olduğunu iddia etmək üçün düşünülmüş yalandır.
Qarabağın erməni əhalisinin nümayəndələri Bakıya gəlməkdən imtina ediblər, lakin onlar gəlsə, bir çox fikir ayrılıqlarını aradan qaldıra və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını sürətləndirə bilər.
Əvəzində Ermənistan hakimiyyəti Aİ-nin monitorinq qrupunun işini təşviq edir və araşdırdıqda məlum olur ki, bu qrupun tərkibinə dinc müşahidəçilər adı altında hərbçilər də daxildir. Azərbaycan başa düşür ki, bu, regionda vəziyyəti gərginləşdirə bilər.
Uzağa getməyək, bu gün səhər Rusiya Qızıl Xaç Cəmiyyəti Xankəndindəki “blokadada acından ölən” erməni əhalisinə ərzaq çatdırmalı idi.
Ağır ərzaq yükü Bakıdan keçərək Bərdəyə getməli, sonra Ağdamı keçərək Ağdam-Əsgəran-Xankəndi yolu ilə Əsgərana çatmalı idi. Hazırda maşın Əsgərana çatmalı olsa da, Bərdədə qalıb.
Gecikməyə səbəb Xankəndindəki separatçıların rayonun “blokadası” və Qarabağ bölgəsində yaşayan ermənilərin “aclığı” görüntüsü yaratmaq üçün yolu bağlamaqda və yol boyu ərzaq təchizatının qarşısını almaqda davam etmələridir… Burdan görünür ki, məqsəd əhalinin ərzaqla təminatı deyil…
Məqaləmi hörmətli Hikmət Hacıyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Təəssüf ki, biz Cənubi Qafqaz regionunda geosiyasi rəqabət elementlərini görürük və bununla bağlı böyük dövlətlərə müraciət edirik: öz daxili siyasi gündəminizi regionumuza ixrac etməyin”.