Mətbuat Şurası idarə heyətinin iclası keçirilmişdir

 

06

Şuradan Xalq.az-a bildirmişlər ki, qurumun sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi təklif olunan məsələlər barədə məlumat vermişdir. Gündəlik idarə heyəti üzvləri tərəfindən təsdiqlənmişdir.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunmuşdur. “Vergilər”, “Çempion”, “Hərbi and”, “Zirvə yolu”, “Yeni təfəkkür” qəzetlərinin, “Sehrli dünya”, “Azərbaycanın dünyada səsi” jurnallarının, “qol.az”, “axşam.az” saytlarının Şuraya qəbulu barədə qərarlar çıxarılmışdır. Lənkəranın və Bakının Binəqədi rayonunun eyni adlı qəzetləri də Şuranın yeni üzvləri sıralarında yer almışlar.
Sonra Şuranın şikayətlər üzrə komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının rəyləri əsasında qərarlar çıxarılmışdır. Masallı rayonundan bir qrup ziyalının “Dünya” İnformasiya Agentliyi (dia.az) ilə bağlı müraciəti əsasında qəbul olunan rəydə adı çəkilən saytın həmin bölgədən təqdim etdiyi yazıların əksəriyyətində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir çox prinsip və bəndlərinin tələblərinin mütəmadi pozulduğu göstərilmişdir. Lakin qərarın qəbulu zamanı nəzərə alınmışdır ki, məsələ şikayətlər üzrə komissiyada cari ilin avqustun 15-də müzakirə olunduqdan sonra burada Masallı rayonu barədə oxşar səpkili yazıların təqdimatı dayandırılmışdır. İdarə heyəti bunu tərəflər arasındakı münasibətlərin tənzimlənməsi yolunda müsbət addım kimi dəyərləndirsə də, saytın qarşıdakı üç ayda Şuranın internet media resursları üzrə komissiyası tərəfindən monitorinqinin davamını, nəticələrinin İdarə heyətinin müzakirəsinə çıxarılmasını məntiqi saymışdır.
Bakı kəndlərinin bir qrup sakininin “Yeni Müsavat” qəzeti ilə bağlı müraciəti əsasında çıxarılan rəyə baxılarkən idarə heyətinin üzvləri qərara almışlar ki, mətbu nəşrə şikayətçi tərəfin təmsilçisinin mövqeyinin verilməsi, yaxud müsahibə dərc olunması tövsiyə edilməlidir.
Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məlumat vermişdir ki, rəhbəri olduğu komissiya cari il oktyabrın 28-dəki iclasında 15 məsələyə baxmışdır. Bunlardan biri şikayətlər üzrə komissiya, digərləri isə Şuranın katibliyi tərəfindən təqdim olunmuşdur.
İclasın yekunda iki mətbu nəşrin adını Mətbuat Şurasının “reket” nəşrlər üçün tərtib etdiyi “qara siyahı”ya salınmasına tam əsasların olduğunu müəyyənləşdirmişdir. Bunlar “Elin sözü” (təsisçisi və baş redaktoru Minadi Mikayılov) və “Korrupsiya və qanun” (təsisçisi və baş redaktoru Xuraman Quliyeva) qəzetləridir. Əgər birinci mətbu nəşrdə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, onun rəhbərliyi, ayrı-ayrı əməkdaşları barədə müntəzəm surətdə etik prinsiplərə zidd yazılar dərc olunursa, digərində əsasən peşə fəaliyyəti ilə bir araya sığmayan məqamlar üstünlük təşkil edir. İdarə heyətinin üzvləri komissiyanın hər iki qəzetlə bağlı təqdimatını müsbət dəyərləndirmişlər.