Məzahir Əfəndiyev seçicilərlə görüşdü-Fotolar

İyun ayının 4-5-də 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev növbəti dəfə əraziyə səfər edib.


Millət vəkili görüşlərdən öncə Göyçay və Ağdaş rayonlarında Ümummili Lider Heydər Əliyevin abidəsi üzərinə güllər düzərək ruhunu dərin ehtiramla yad etdi.


Səfər çərçivəsində ilk növbədə İkinci Qarabağ – Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərən igid övladlarımız, tariximizdə iz qoyan, qürur mənbəyimiz olan şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan kitab Göyçay və Ağdaş Heydər Əliyev Mərkəzlərində ərazidə yerləşən təhsil müəssisələrinin rəhbərlərinə təqdim edildi.
Görüşlərdə ilk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.
Deputat qeyd edib ki, Azərbaycan tarixini öz qanları ilə yazan Müzəffər Azərbaycan Ordusunun əsgərləri Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Ikinci Qarabağ – Vətən Müharibəsində işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etdilər: “Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, bu müharibə də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı”.
Daha sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, “Qarabağın İnkişafı Fondu” və “YAŞAT” Fondunun fəaliyyəti haqqında deputat tərəfindən söhbət aparılıb. M.Əfəndiyev hökumət tərəfindən uzun illərdir uğurla icra olunaraq həssas təbəqələri əhatə edən sosial siyasət sahəsinə Azərbaycan xalqının hər bir nümayəndəsinin öz töhfəsini verməsinin, bu istiqamətdə səylərimizi əsirgəməməyimizin vacibliyini vurğulayaraq şəhid və qazi ailələrinin yanında olmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusi qeyd edib.
Bu istiqamətdə aparılan işlər çərçivəsində millət vəkili təmsil etdiyi 89 saylı Göyçay-Ağdaş seçki ərazisindən böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə getmiş, düşmənlə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış qardaşlarımız haqda hazırlanan və təqdim edilən kitabın min illər ötsə də qəhrəmanlıq göstərən igid övladlarımızın hər zaman bu gunki kimi anılmasına öz töhfəsini verəcəyindən əminliyini bildirdi.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya və müharibə dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Bu prosesdə pedoqoji heyətin göstərdiyi əzmkarlıq isə təqdirəlayiqdir.
Sonda tədbir iştirakçıları bu təşəbbüsünə görə Məzahir Əfəndiyevə dərin minnətdarlıqlarını bildirərək, kitabın ərazi üzrə təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulamışlar.
Eyni zamanda səfər çərçivəsində Göyçay rayon Heydər Əliyev Mərkəzində və Ağdaş rayon Binələr və Dovudlu kəndlərində növbəti vətəndaş qəbulu keçirilib, həmçinin qəbulda qonşu seçki dairələrindən də vətəndaşlar müraciət ediblər. Qəbula gələn vətəndaşlar əsasən sosial yönümlü məsələlər, pensiya, sosial müavinətlər, məişət problemləri kimi müxtəlif mövzularda müraciətlər ediblər. Bir neçə məsələ müvafiq yerli orqanların nümayəndələrinin iştirakı ilə yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb.
Həmçinin Ağdaş rayon Yuxarı, Orta, Aşağı Qəsil və Qulbəndə kəndlərində yaşayan İkinci Qarabağ-Vətən Müharibəsi qaziləri ilə də görüş keçirilib, onları maraqlandıran məsələlərə deputat tərəfindən aydınlıq gətirilərək, qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının daim dövlətimizin nəzarətində olduğu vurğulanıb.
Qeyd edək ki, qəbul və görüşlərdə 80-ə yaxın seçici iştirak edib.
Sonda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Müalicəsi davam edən qazilərimizə isə tezliklə sağalmaqlarını arzu edirik.