Nəsib Məhəməliyev: “Prezidentimiz İlham Əliyev yaxşı nümunəni göstərir”

 “Deputat vaxtı” rubrikasının bu dəfəki qonağı 109 saylı Balakən seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Nəsib Məhəməliyevdir. Millət vəkili ilə söhbətimizdə Nəsib Məhəməliyevin həm icra hakimiyyətinin başçısı vəzifəsində çalışdığı, həm də deputat kimi fəaliyyət göstərdiyi dövrlərə nəzər yetirdik.

–Nəsib müəllim, məlumat üçün qeyd edim ki, mətbuat orqanı olaraq “Deputat vaxtı” adlı rubrika həyata keçiririk və məqsəd millət vəkillərinin siyasətdən kənar yaşam tərzinə qısaca da olsa nəzər yetirməkdir. İlk sualım belədir ki, deputat Nəsib Məhəməliyev vaxtla, zamanla ayaqlaşa bilirmi?

– Təbii ki, bəzi istisnalar olmaq şərtilə demək olar zamanla ayaqlaşa bilirəım. Ümumiyyətlə, həyatımı müəyyən mərhələlərə bölsək, ümumi qəbul olunmuş normalara uyğun olaraq qarşımda duran vəzifələri icra etməyə imkanım olur. İnsan belədir ki, dünyaya gələndən bəri, istər uşaq vaxtı, istər yeniyetmə və gənclik illərində, istərsə də digər mərhələlərdə qarşısında müyyən vəzifələr durur. Həmin vəzifələri zamanla, vaxtını keçirmədən icra edə bilirsənsə, onların öhdəsindən gəlirsənsə, deməli zamanla ayaqlaşa bilirsən. Təbii ki, hər bir normal insanda olduğu kimi mənim üçün də hər şeyi əhatə etmək, hər şeyi nəzarətdə saxlamaq mümkün deyil. Müəyyən boşluqlar, nöqsanlar, səhvlərin olması labüddür. Ola bilsin təcrübəsizlikdən və yaxud digər səbəblərdən irəli gələn bəzi nüanslar olub ki, hesab edirəm bu da normaldır.

-Səhvləriniz çoxmu olub və bundan təəssüf hissi keçirmisinizmi?

-Hesab edirəm ki, həyatda səhv etməyən insan olmur. Ancaq mən o tipli insanlardanam ki, çalışıram səhv olanda peşimançılıq hissi keçirməyim. Səhv və ya düz, bu mənin həyatımdır. Deməli belə olmalıymış. Polşanın dövlət idarəetmə sistemində belə bir fikir var. “Gənc kadrları mühüm, məsuliyyətli vəzifələrə təyin edin və onlara səhv etmək imkanı yaradın. Onlar öz səhvlərindən nəticə çıxararaq çox böyük uğurlar əldə edəcəklər”. Yəni, səhv etməkdən qorxmaq lazım deyil. O başqa məsələdir ki. dövlətçiliklə bağlı, milli məsələlərdə gərək səhv etməyəsən. Siyasi məsələlərdə hər zaman mövqeyin stabil olmalı, nəyinsə xatirinə cüzi də olsa güzəştə getməməlisən. İlk növbədə yaşadığın dövlətin təhlükəsizliyi, bütövlüyü, sabitliyi əsas olmalıdır. Bu kimi məsələlərdə səhv olmamalıdır. Yəni, ümummilli məsələlərdə səhv ola bilməz.  

-Gündəlik vaxtınızı, zamanınızı daha çox nəyə sərf edirsiniz?

-Mən Milli Məclisdə “Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr”, “Təbii sərvətlər və ekologiya komtələrinin”, “İntizam Komissiyasının”, GUAM parlament Assambleyasının üzvüyəm. Mütəmadi olaraq həmin qrupların iclaslarında iştirak edirəm.   Uzun illər icra strukturlarında çalışdığım üçün ən çox sevdiyim məşğuliyyət olan mütaliə ilə kifayət qədər məşğul ola bilmirdim. Deputat seçildikdən sonra bir müddət çalışdım ki, bu sahədə itirdiklərimi bərpa edim. Ancaq etiraf etməliyəm ki, enerji gənclik dövründəki kimi deyil. Əvvəllər elə olurdu ki, bir gecəyə bir kitabı oxuyurdum və vaxtımın  çox hissəsini kitab oxumağa sərf edirdim. İndi zaman keçdikcə, əvvəlki qaydada mütaliə etmək imkanlarımız olmur. Son vaxtlar sosial şəbəkələr hər birimizin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr vasitəsilə cəmiyyəti öyrənir, insanların düşündükləri ilə maraqlanır, dünyada gedən prosesləri izləyirik. Bu bizim işimizin bir tərkib hissəsidir. Digər tərəfdən, müharibədən yenicə çıxmış ölkəyik.  Şəhid ailələrinin. Qazilərin, ümumiyyətlə seçicilərin qayğıları kifayət qədərdir. Çalışıram ki, onların rastlaşdıqları problemləri həll edim. Hər şeyi dövlətin üstünə atmaq, dövlətdən ummaq doğru deyil. Onsuz da dövlətin qayğıları həddindən artıqdır. Hər bir insan öz üzərinə düşən yükün məsuliyyətini  dərk etməli, dövlətə yardımçı olmalıdır. Bütün seçicilərin müraciətlərinə diqqətlə yanaşıram. Elə bir seçici yoxdur ki, onların müraciətlərinə reaksiya verməyim. Ola bilər ki, bəzilərinn istəkləri yerinə yetirilmir və bu da millət vəkilinindən asılı olan məsələ deyil. Ancaq məsuliyyətlə deyə bilərəm ki, hər bir müraciətə sosial ədalət prinsiplərindən yanaşmağımız əsas şərtdir.

Eyni zamanda ölkəmizdə, regionda, dünyada baş verən proseslərə münasibət bildirir, dövrü mətbuatda yazılarla çıxışlar edirik, mediaya müsahibələr veririk. Demək olar ki, hər gün  3- 4-5 mətbuat orqanının  suallarını cavablandırırıq. Eyni zamanda gündəlik cari problemlərlə,  günün bəzi saatlarında idmanla məşğul oluram.

-Bəzi həmkarlarınız deyir ki, deputat seçiləndən sonra ailəyə o qədər də qayğı göstərmək olmur. Sizdə də eyni situasiya yaşanır?

-Xeyr. Qayğı müxtəlif formalarda ola bilər. Mütləq əyani təmasda olmasan da, məsafəli şəkildə qayğı göstərə, problemlərini həll edə bilərsən. Sadəcə, vaxtın düzgün planlaşdırılması lazımdır. Düzgün planlaşdırma olarsa, hər şeyə və hər kəsə vaxt tapmaq olar. İstəkdən asılıdır.

-Seçicilərdən söz düşmüşkən, onlar birbaşa sizinlə əlaqə saxlayıb öz problemləırini çatdıra bilirlərmi? Yəni deputat Nəsib Məhəməliyevin mobil nömrəsini hər bir seçici bilir?

-Elə seçicilər var ki, birbaşa əlaqə saxlayırlar, bəziləri isə tanışlar, sosial şəbəkələr  vasitəsilə mənimlə danışırlar. Ümumiyyətlə isə, mənimlə  kommunikasiya problemi yoxdur. Rayonda kifayət qədər qohum-əqrəbam var ki, onlar vasitəsilə də mənə müraciət edilir. Köməkçimin telefon nömrəsi hamıda var. Ancaq kütləvi şəkildə hər kəsdə mənim telefon nömrəm yoxdur. Düşünmürəm ki, telefon nömrəsinin olub-olmaması ümumi işə hansısa formada müsbət və ya mənfi təsir göstərə bilər.

-Əsas odur ki, seçici öz problemini, qayğısını hansısa formada Sizə çatdıra bilir

-Seçicinin öz problemi, qayğısını mənə çatdırması üçün heç bir əngəl yoxdur. Məlumat üçün qeyd edim ki, facebook sosial şəbəkədəki profilimdə olan  5 min nəfər dostumun böyük əksəriyyəti seçicilərimdir. Onlar sosial şəbəkə üzərindən də mənə yazır, problemlərini çatdırırlar və həmin müraciətlərə də reaksiya verir, araşdırıram. Əsas odur ki, görülən işin nəticəsi olsun.

-Sosial şəbəkədən söz düşmüşkən, bəzi həmkarlarınızdan fərqli olaraq seçicilərinizlə keçirdiyiniz görüşlər, onlara göstərilən yardımlarla bağlı sosial şəbəkədə heç nə paylaşım etmirsiniz. Bu nəylə bağlıdır, seçicinin fotosunu yaymaqla bir növ onu aşağılamaq istəmirsiniz, yoxsa özünü reklam tərəfdarı deyilsiniz?

-Bu mənim xarakterimdən irəli gəlir. Heç vaxt özümü gözə soxmaq istəməmişəm. Mən hər kəsin fəaliyyətinə hörmətlə yanaşıram və hərə öz fəaliyyətini istədiyi kimi qurur. Müəyyən insanlar var və mən onları başa düşürəm ki, tanınmağa, reklam olunmağa ehtiyacları var. Bu təbiidir. Ancaq mənim tanınmaqla bağlı problemim yoxdur. Mən deputat seçildiyim rayonda 6 ilə yaxın İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışam. Eyni zamanda həmin rayonda anadan olmuşam. Ona görə də insanlar məni kifayət qədər yaxşı tanıyırlar. Digər tərəfdən İslam əxlaqında bir anlayış var, sağ əl verdiyini sol əl bilməli deyil. Üçüncüsü, heç bir zaman istəməmişəm ki, yardım olunan insan özünü aşağılanmış formada hiss etsin. İcra strukturlarında çalışdığım dövrlərdə də hər zaman mənin iştirakımla publik şəkildə, televiziya kameraları, media qarşısında kiməsə yardım olunmasını qadağan etmişəm. Hər hansı tədbirlərin rəsmi hissəsindən sonra, mənim iştirakım olmadan insanlara yardımlar göstərilib. Bu mənim reklamdan uzaq olmağımdan irəli gəlir. Düşünmürəm ki, adi bir görüşün sosial şəbəkələrdə yayılması cəmiyyət üçün hansısa maraq kəsb edir. İndiki İKT əsrində istənilən şəxs səhərdən axşamacan əlində telefon hər addımda şəkillərini çəkib paylaşa bilər.

Nə seçki prosesində, nə də seçkidən sonra keçirdiyim görüşlərdən ancaq qrafiklə təsdiq olunmuş tədbirlərin fotolarının ictimailəşdirilməsinə icazə vermişəm.

-Rayonda tez-tez olub seçiciləriniuzlə görüşürsünüz?

-Ayda bir dəfə çalışıram ki, rayonda olub seçicilərimlə görüşüm. Pandemiya və sərt karantin dövründə bu mümkün deyildi. Ancaq köməkçim müntəzəm olaraq seçicilərlə görüşüb onların qayğıları ilə maraqlanır.

-Siz uzun illər iki rayonda icra başçısı olmusunuz, hazırda isə deputatsınız. Müqayisə etdikdə hansı fəaliyyətlər daha çoxdur və yorucudur?

-Birmənalı şəkildə demək olar ki, icra strukturlarında iş daha çox idi. Hal-hazırki vəziyyətdə yerli icra orqanlarının səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Əvvəlki illərdə kənd rayonlarında aqrar islahatlar həyata keçirilirdi, idarəetmə sistemi fərqli idi. İcra başçılarının məsuliyyət dairəsi indikindən çox geniş, fərqli idi.

İkincisi, bu harada işləməyindən asılı olmayaraq,  insanın özündən, yükü götürməyindən asılıdır. Elə insanlar var ki, gündəlik yükü özlərindən kənarlaşdırırlar, elələri də var ki, həmin yükü öz üzərilərinə götürürlər. Mən özümü ikinci kateqoriyaya aid edirəm və çalışırdım daha çox yük götürüm. İcra başçısı kimi daha çox problemlərlə məşğul olmaq lazım gəlirdi. Hal-hazırda da deputat fəaliyyəti ilə əlaqəsi olmayan, icra strukturlarına aid bir çox məsələlərlə məşğul oluruq.  

-İcra hakimiyyəti başçılığından sonra Milli Məclisin deputatı olmaq ətrafınızda, dost-tanışlarınız arasında seyrəlmələrə, belə demək mümkünsə xəyanətə gətirib çıxardımı?

-Mən heç vaxt o fikirlə yaşamamışam ki, mütləq hamı mənə əvvəlki kimi yaxın olmalıdır. Mən insanları dürüst və nadürüst olaraq iki kateqoriyaya bölürəm. Əsas odur ki, dövlətə xəyanət etməsinlər, mənə xəyanət etmələrində problem yoxdur. Harada olmağımdan asılı olmayaraq əvvəl işlədiyim dövrdə təyin etdiyim kadrlara zəng etmək, işlərinə müdaxilə etmək kimi xarakterim yoxdur. Təbii, özləri zəng edərlərsə danışıram. Ancaq Azərbaycanda yaşayırıq. Hər bir cəmiyyətdə olduğu kimi müxtəlif  xasiyyətli insanlar var.  Vəzifəyə səcdə edən, bəzi hallarda mənasız yerə intriqa ilə məşğul olan insanlar var ki, onlar xüsusi əhəmiyyət kəsb etmir. Bir daha o fikri təkrar edirəm ki, əsas odur dövlətə xəyanət etməsinlər. İstər müxtəlif icra strukturlarında çalışdığım illərdə, istərsə də deputat olaraq,  hər zaman çalışmışam ki, mənim timsalımda heç kim dövlətdən narazı qalmasın.

Dostların arasında seyrəlmələrə gəldikdə isə, yox, əsil dostlarım arasında belə hallar olmamışdır. Mütəmadi ünsiyyətdə olduğum bəzi insanların arasında olubsa, deməli onlar dost deyilmiş və mən buna qətiyyən fikir vermirəm. Tale belə gətirib ki, mənim müxtəlif təbəqələrdən olan çoxsaylı dostlarım, tanışlarım  var. Təəssüf ki, vaxta görə onlarla müntəzəm görüşə bilmirik. Ancaq, şükürlər olsun ki, mobil telefonlar ünsüyyət problemini həll edir.

-Bir neçə ay əvvəl 60 yaşınız tamam oldu və fürsətdən istifadə edib bir daha ad gününüzü təbrik edirəm. Maraqlıdır, ad günlərini, xüsusilə yubileyləri geniş formatda qeyd edirsiniz?

-Təşəkkür edirəm. Ümumiyyətlə, ad günlərini, bayramları  geniş təmtəraqlı keçirməyi heç vaxt xoşlamamışam. Cəmi 1 dəfə, 50 yaşım tamam olanda ad günü qeyd etmişəm. O da 16 nəfərin iştirakı ilə. Qalan vaxtlarda sırf ailə üzvlərimin iştirakı ilə keçirmişik. Ad günlərinə xüsusi əhəmiyyət vermirəm. Adətən ailədaxili qeyd edirik. Heç vaxt geniş tərkibli ad günləri keçirməmişəm. Yeru gəlmişkən, bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də ən yaxşı nümunəni Prezidentimiz  İlham Əliyev göstərir. Bildiyimiz kimi, hər il doğum günlərində ya məcburi köçkünlərin arasında və yaxud ailə daxilində sadə şəkildə qeyd edir.

-Bəs, pandemiyadan əvvəl sizi el şənliklərinə, xüsusilə seçiciləriniz övladlarının toyuna dəvət edirdimi?

-Bəli, çoxsaylı dəvətlər olurdu. Pandemiyadan əvvəl bəzən bir gündə 4-5 toya dəvət alırdım.

-Həmin məclislərə özünüz gedirdiniz, yoxsa pul göndərirdiniz?

-Vaxt, zaman imkan verdikdə gedirdim. Həmin məclislərdə də əsasən 30-40 dəqiqə, nadir hallarda 1 saat otururdum. Çünki mən səs-küylü yerləri xoşlamıram. Digər tərəfdən istənilən tədbirlərdə, istər yas mərasimləri, istər el şənlikləri, istərsə də digər tədbirlərdə ifratçılığı qəbul etmirəm. Düzdür, bəzi hallarda situasiyasının girovuna çevrilirik. Hər şey normada olmalıdır. Hər bir tədbir elə təşkil edilməlidir ki, insanlar orada özlərini rahat hiss etsinlər. Özünü zorla həmin məclisdə oturmağa məcbur etməyəsən. Onda hər şey gözəl olur.

-Deputat Nəsib Məhəməliyev öz sirrini, problemlərini kiminlə bölüşür?

-Şəxsi problemlərimi kimlərləsə  bölüşməyi sevmirəm. Çalışıram  ki, öz problemimlə mənə yaxın olan insanları yükləməyim. Eyni zamanda şəxsi problemimlə bağlı kimlərdənsə xahiş etməyi sevmirəm. Ancaq seçicilərimin problemləri ilə, ictimai məsələrlə bağlı təbii ki, bütün strukturlara müraciət edirəm.