Millət vəkili təklif verdi

 

 

9

Millət vəkili Qənirə Paşayeva 2014-cü ilin dövlət icmal büdcəsinin layihəsinin bu gün parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı hökumət üzvlərindən böyrək köçürmə əməliyyatına ehtiyacı olan dialezli xəstələrin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsi təklifinin gələn ilin dövlət büdcəsində öz əksini tapmasını istəyib. Xalq.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dialezə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir və gələn il büdcəsində bu sahəyə vəsaitin daha da artırılmasının büdcə zərfində nəzərdə tutulması çox müsbət haldır: “İnsanlar dövlət hesabına pulsuz dialez almaq imkanına malik olması çox müsbət və önəmli məsələdir”.

Millət vəkili deyib ki, amma uzun illər dialezlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir: “Bu problemin ən yaxşı həll yolu böyrək köçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrək köçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dialezli xəstənin pulsuz dialez ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrək köçürmə əməliyyatı xərcləri 1 illik dialez xərclərindən daha ucuzdur. Nəzərə alsaq ki, dialez xəstələri illərlə dialezlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrək köçürmə əməliyyatının həyata keçirilməsi həm xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.

Qənirə Paşayeva təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrə dəstəklə bağlı proqramda böyrək köçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın: “Daha doğrusu, onların illərlə dialezinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin. Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər”.

Millət vəkili gələn ilin büdcə zərfində böyrək köçürmə əməliyyatına ehtiyacı olan dialezli xəstələrin böyrək köçürmə əməliyyatlarının pulsuz həyata keçirilməsi məsələsinin öz həllini tapmasını və dövlət büdcəsində öz əksini tapmasını xahiş edib.