Milli Məclisin iclasında 31 məsələyə baxılacaq

 

77

Milli Məclisin növbəti iclasında bir sıra beynəlxalq sənədlər təsdiqlənəcək, bəzi qanunlara dəyişikliklər olunacaqdır

Oktyabrın 22-də Milli Məclisin növbəti iclası keçiriləcəkdir.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov AzərTAc-a bildirmişdir ki, iclasın gündəliyinə ümumilikdə 31 məsələ daxil edilmişdir.
Müzakirə olunacaq qanun layihələri və qərarlar arasında Bakı Apelyasiya Məhkəməsinin hakiminin təyin edilməsi, Bakı, Gəncə və Şirvan Apelyasiya məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin, Azərbaycan və Gürcüstan hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması, azaldılması sahəsində əməkdaşlığa dair sazişin, Azərbaycan hökuməti və Avropa İnvestisiya Bankı (AİB) arasında AİB-in Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən çərçivə sazişin təsdiq olunması və s. sənədlər vardır.
Bundan əlavə, iclasda Azərbaycan Respublikasının Vergi, Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Dövlət rüsumu haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təbii inhisarlar haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlara bir sıra əlavələr və dəyişikliklər də olunacaqdır.