Milli Parkda intihar cəhdi

Deniz

Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Dənizkənarı Milli Parkın ərazisində intihar cəhdi ilə bağlı məlumat yayıb.

Xalq.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşiblər.

Zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 23:03-də başa çatıb.

Hadisə yerinə təcili yardım çağırılıb. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.